Azərbaycan Somali münasibətlərin yeni mərhələyə qədəm qoyub- ÖZƏL

"Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.

Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı. Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31