Münhendə diasporla uğursuz görüş: Paşinyan Almaniyadakı səfiri geri çağırmaq istəyir – ÖZƏL
18 Fevral 2025 10:43 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yenqibaryanı geri çağırmağa hazırlaşır. Buna səbəb Münhendə təşkil olunan görüşdə erməni diasporunun nümayəndələrinin demək olar ki, iştirak etməməsidir.
Olaylar.az xəbər verir ki, bu barədə "Past" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Paşinyanın ABŞ-dakı erməni icması ilə görüşü uğursuz sayılsa da, Münhendə keçirilən görüş, yumşaq desək, "biabırçılıq" olub.
"Past" Ermənistan-Almaniya Mərkəzi Şurasının rəhbəri Conatan Şpanqenberqin açıqlamasına istinad edərək yazır ki, görüşdə nə Erməni Apostol Kilsəsinin yeparxiyası, nə 16 kilsə ittifaqı, nə Ermənistan-Almaniya Şurası, nə də digər iri icma təşkilatlarının nümayəndələri iştirak edib.
Üstəlik tədbirdə tanınmış simaların demək olar ki, heç biri olmayıb. Yalnız Münhen Erməni İttifaqının yeni seçilmiş rəhbərliyinin bir nümayəndəsi iştirak edib.
"Past" qəzetinin məlumatına görə, baş nazir Paşinyan yaranmış vəziyyətdən son dərəcə narazı qalıb və səfir Yenqibaryanı görüşü lazımi səviyyədə təşkil edə bilmədiyi üçün kəskin tənqid edib. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə nəşrə bildirib ki, Yenqibaryanın geri çağırılması məsələsi həqiqətən də müzakirə olunur.
Xatırladaq ki, Nikol Paşinyan 14-16 fevral tarixlərində Almaniyada olub və Münhen Təhlükəsizlik Konfransında iştirak edib.