Somali ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq- ÖZƏL
17 Fevral 2025 12:48 Siyasət"Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında hər iki dövlətin prezidentləri tərəfindən müxtəlif sahələrə aid imzalanmış sənədlər iki ölkənin gələcək fəaliyyətinin perspektivlərini müəyyən edəcək və inkişafa təkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Prezident İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd etdi ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Ona görə ki, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır. Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Somali ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Bunun üçün zəruri şərait də var. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər".