"Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu"nun beş illiyi qeyd edilir
17 Fevral 2025 10:54 SiyasətFevralın 19-da Bakıda Azərbaycan və Türkiyə arasında "Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu"nun 5 illiyinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
Tədbir çərçivəsində iki ölkə arasında media sahəsində həyata keçirilən birgə fəaliyyətin nəticələri dəyərləndiriləcək, gələcək hədəflər müzakirə olunacaq. Açılış nitqləri ilə STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edəcəklər.
Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir "İki ölkə arasındakı münasibətlərə medianın töhfəsi" mövzusunda məruzə edəcək. Həmçinin, 2024-cü ildə bu istiqamətdə görülən işlərin hesabatı təqdim olunacaq.
Günün ikinci yarısında isə 2025-ci il üçün perspektivlər və yeni layihələrin icrası ilə bağlı təkliflər dəyərləndiriləcək.
Tədbir saat 10:00-da Sosial Tədqiqatlar Mərkəzinin "Zəfər" zalında başlayacaq və 16:00-a qədər davam edəcək.