Artan iqtisadi və siyasi güc bölgəyə yeni nəfəs gətirir

"Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz". Bu fikirləri Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Prezident İlham Əliyev jurnalistin Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır? Sualına cavabında deyib.

Müsahibədə bir sıra məqamlara toxunan dövlət başçısı bildirib ki, Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Ölkəmizin hədəfi özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Prezident İlham Əliyev qeyd edib ki, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir.

Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla münasibətlərini dəyərləndirən Prezident İlham Əliyev bu təşkilatla bağlı həyata keçirilən işlər barəsində danışıb: "Bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.

Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir".

Cənab Prezident İlham Əliyev müsahibəsində ölkəmizin yaşıl gündəliyi, Azərbaycan Çin siyasi və iqtisadi münasibətləri barəsində ətraflı məlumat verdi.

Bu müsahibə bir daha onu göstərdi ki, Azərbaycanın xarici siyasətində balanslaşdırılmış yanaşma prioritet olaraq qalır. Azərbaycan geosiyasi platformalarda  fəaldır və bu fəallıq bundan sonra da uğurla davam edəcək.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31