Azərbaycanın "yaşıl" enerjiyə keçidi dayanıqlı inkişafın parlaq nümunəsidir - "La Gazette du Caucase"

Fransanın "La Gazette du Caucase" onlayn-nəşrində dərc olunmuş təhlildə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində əldə tərəqqi - bir ölkənin öz zəngin fossil yanacağını səmərəli şəkildə istifadə etməklə dayanıqlı inkişafa necə can atdığının parlaq nümunəsi kimi göstərilib.

Olaylar.az xəbər verir ki, fransız nəşri Azərbaycan prezidentinin "yaşıl" enerji sahəsinin gündəminin önə çəkilməsində həlledici rol oynamasını vurğulayıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan "yaşıl" enerjiyə daha çox diqqət yönəldərək, fossil yanacaqlardan əldə olunan gəlirləri qabaqcıl texnologiyalara və enerji infrastrukturuna investisiya şəklində yatırır.

Prezident İlham Əliyev Çin telekanalına verdiyi müsahibədə ölkənin ambisiyalı məqsədlərini səsləndirib.

"Bizim yaxın məqsədimiz 2027-ci ilə qədər günəş və külək enerjisindən iki qiqavatt enerji istehsal etmək, 2030-cu ilədək isə bu göstəricini altı qiqavatta çatdırmaqdır. Bu, Azərbaycanın enerji portfelində bir növ inqilab olacaq", - deyə o bildirib.

"La Gazette du Caucase" vurğulayır ki, bu hədəflər Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçid istiqamətində mühüm dönüş etdiyini və onu qlobal "yaşıl" enerjiyə keçidin əsas iştirakçılarından birinə çevirdiyini göstərir.

Məqalədə, həmçinin, Azərbaycanın Xəzər dənizinin dibi ilə "yaşıl enerji" sualtı kabel xəttinin yaradılması üzrə qonşu ölkələrlə, o cümlədən, Qazaxıstan və Özbəkistanla əməkdaşlığı xüsusi olaraq vurğulanıb. Mərkəzi Asiyanı Azərbaycan və Avropa ilə birləşdirmək məqsədi daşıyan bu layihə regional "yaşıl" enerji dəhlizinin inkişafında əsas element sayılır.

Nəşrdə o da qeyd olunur ki, 2024-cü ildə Azərbaycan vacib dönüş nöqtəsinə qədəm qoyub: Bərpa olunan enerji istehsalı 80 faiz artıb və günəş və külək enerjisi ölkədə istehsal olunan elektrik enerjisinin ümumi həcmində əhəmiyyətli paya malikdir.

Bundan başqa, Azərbaycannın bərpa olunan enerji resursları nəhəng potensiala malikdir - quruda 135 qiqavatt və dənizdə 157 qiqavatt. Bu potensial artıq kifayət qədər investisiya cəlb edib və ölkə 10 qiqavatt gücdə bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsi üzrə müqavilələr bağlayıb. Hökumətin məqsədi 2030-cu il qədər istixana qazlarını 35%, 2050-ci ilə qədər isə 40% ixtisar etməkdir ki, bu da Azərbaycanın dayanıqlı inkişafa olan uzun müddətli sədaqətinin təcəssümüdür.

2030-cu ilə qədər ölkədə istehsal edilən ümumi elektrik enerjisinin 30 faizinin bərpa olunan mənbələr hesabına təmin olunacağı proqnozlaşdırılır. "La Gazette du Caucase" qeyd edir ki, Azərbaycanın bu səyləri yalnız enerji sektorunun şaxələndirilməsinə xidmət etmir, həm də ölkənin davamlı və aşağı karbonlu gələcəyə olan sədaqətini nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31