Cİ-də Azərbaycanın qəhrəman qadınlarına həsr olunmuş tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Qadınlar Şurasının  təşkilatçılığı ilə Azərbaycanın qəhrəman qadınlarına həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan İnstitutun icraçı direktoru dosent Zaur İmrani çıxış üçün sözü Qadınlar şurasının sədri, şöbə müdiri  c.ü.f.d. Solmaz Rzayevaya verib. Şura sədri "Azərbaycanın qəhrəman qadınları" mövzusunda təqdimatla çıxış edərək, Azərbaycan qadınlarının tarixən mərd, əyilməz, mübariz olduğunu, lazım gəldikdə əlinə silah alıb kişilərlə çiyin-çiyinə döyüşə atıldığını, Azərbaycan tarixinin təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə yaddaşımıza həkk olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Tarix Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova da mövzu ətrafında təqdimatla çıxış edib. O, təyyarəçi,  hərbi pilot, müharibələrdə iştirak etmiş Azərbaycan qadınlarını təqdim edərək onların həyat yolu, döyüşlərdə göstərdikləri şücaətlər, dövlətimizin və xalqımızın onlara verdiyi dəyər, qazandıqları orden və medallar haqqında geniş məlumat verib. 

Sonra İnstitutun böyük elmi işçisi Luiza Salayeva, Fizika İnstitutunun professoru, AMEA Qadınlar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Mehdiyeva Səlimə, Cİ-nin Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək bildiriblər ki, vətənimizin azadlığı uğrunda döyüşlərdə  həlak olan qəhrəman oğullarımızın övladlarını boya-başa çatdıran analar da qəhrəmandırlar. Çıxışçılar həm hərbidə, həm ailədə, həm də elmdə fədailik edən qadınlarımızı qəhrəman adlandıraraq onları bir daha xatırlayıblar və şəhid olmuş qəhrəman qadınlarımıza Allahdan rəhmət diləyiblər.

Tədbir iştirakçıları K.Ramazanlının Azərbaycan xanımlarının qəhrəmanlığını sübut və təcəssüm etdirən  qiymətli sənəd və əsərlərlə tanış olmaq məqsədilə  İnstitut kollektivinin Milli Tarix Muzeyinə səfərinin təşkil edilməsi haqqında təşəbbüsünü dəstəkləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31