ABŞ Konqresində erməni tərəfdarlarının boş dayanmaması gözləniləndir - ÖZƏL
13 Fevral 2025 15:53 Siyasət"ABŞ Konqresində erməni tərəfdarlarının boş dayanmaması gözləniləndir. Çünki bunlar heç vaxt boş dayanmayıblar, indi də dayanan deyillər. Onların müraciəti də bizi təəccübləndirən qəribə bir şey deyil".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Dövlət katibi Marko Rubio əlbəttə ki, özünün erməni yanlısı olması ilə fərqlənib. İndi də ermənilər, görünür, onun bu yanaşmasından daha səmərəli istifadə etmək istəyirlər. Ona görə də belə bir hərəkətlənmə var. Amma nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampdır. Donald Tramp da, özəlliklə də qardaş Türkiyə ilə problem istəməyən bir liderdir. Əlbəttə ki, belə bir şəraitdə mən hesab edirəm ki, ermənilərin, yaxud da ki, erməni yanlıların çağırışları o qədər də nəzərə alınmayacaq, ümumiyyətlə, heç nəzərə alınmaya bilər. Amma yenə də unutmayaq ki, Marko Rubio özü erməni yanlısıdır, eyni zamanda Amerika Birləşmiş Ştatlarının hazırkı vitse prezidenti də erməni yanlısıdır. Yəni bunlar həmişə siyasi fəaliyyətlərində ermənilərdən yana olublar, ola bilər ki, müəyyən cəhdlər etsinlər. Hər halda son qərarı verəcək şəxs Donald Tramp olduğuna görə bir qədər ümidlərimiz var ki, məsələ irəli getməyəcək. Eyni zamanda, əgər ermənilər hərəkət edirsə, biz də hərəkətsiz durmamalıyıq. Bizim də uyğun təşkilatlarımız imkanlarımızı səfərbər etməlidir. O cümlədən də, Konqresin özündə Azərbaycanı sevən tərəfdaşlarımız boş dayanmamalıdır. "
Xatırladaq ki, ABŞ Konqresində "erməni qrupu"un həmsədrləri - Nümayəndələr Palatasının üzvləri Frenk Pallone, Qus Bilirakis, Bred Şerman və Devid Valladao dövlət katibi Marko Rubioya məktub göndərərək, Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə çağırıblar.
Məktubda Tramp administrasiyasından Ermənistana dəstəyi davam etdirmək, hərbi və müdafiə yardımını artırmaq və İrəvanı pilotsuz döyüş maşınları ilə mübarizə aparmaq üçün avadanlıqla təmin etmək xahiş olunur. Məlumat üçün qeyd edək ki, bundan əvvəl də həmin lobbistlər dəfələrlə Ağ Evə və Dövlət Departamentinə məktublar göndərərək, Bakıya qarşı sanksiyaların tətbiqini tələb edib və müxtəlif qanunvericilik təşəbbüsləri irəli sürüblər. Ancaq Demokratlar Partiyasının hakimiyyəti dövründə də onların bu kimi istəkləri həyata keçməyib. Hazırkı müraciət Trampın ikinci prezidentliyi dönəmində Azərbaycana qarşı ilk rəsmi müraciətidir.