Gələcəkdə Rusiya ilə bağlı müəyyən qurumlar Azərbaycanda fəaliyyətlərini dayandıra bilər - ÖZƏL

"Məsələnin  Rusiyanın Azərbaycandakı bütün təşkilatları bağlanmalıdır formasında qoyulması qətiyyən adekvat deyil. Heç Azərbaycanın siyasəti də buna yönəlməyib".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Ola bilər ki, müəyyən qüvvələr elə Rusiyanın özündə və yaxud kənarda bunu istəsinlər. Amma Azərbaycanın siyasəti buna yönəlməyib. Hazırkı proseslərin mahiyyəti bundan ibarətdir ki, Azərbaycanın dövlət maraqlarına, qanun, hüquq normalarına, suverenliyinə hörmət etməyən və mövcud qanunlar çərçivəsində fəaliyyətini qurmayan istənilən bir xarici ölkənin təmsilçiliyi burada fəaliyyət göstərə bilməz. Çünki belə fəaliyyət göstərəndə həm bu ölkənin qanunlarına hörmətsizlik kimi görsənir, həm də həmin orqanın  Azərbaycandakı fəaliyyəti ilə bağlı müəyyən şübhələrin meydana gəlməsinə səbəb olub. Belə şəraitdə bu xoşagəlməz perspektivlərin ortadan qaldırılması üçün bütün mövcud təşkilatların fəaliyyəti qanunvericilik çərçivəsinə salınmalıdır. O cümlədən də, "Rus Evi"nin. Bilirik ki, "Rus Evi" uzun illər Azərbaycanda qanunsuz şəkildə fəaliyyət göstərib, qeydiyyatdan keçməyib və bu da onun qeyri-şəffaf işi ilə bağlı müəyyən şübhələrin və rəylərin yaranmasına səbəb olurdu. Bu şəraitdə isə  Azərbaycanın onun fəaliyyətini dayandırması əlbəttə, bu, yalnız "Rus Evi" ilə bağlı atılmış addımdır və gələcəkdə bunun bütün Rusiya ilə bağlı təşkilatlara münasibətdə atılacağını isə indidən söyləmək çətindir. Hər şey asılı olacaq ki, Rusiya Azərbaycanla münasibətləri tam normallaşdırmaq yönümündə hansı addımlar atacaq. Aydın məsələdir ki, münasibətlərdə. Xüsusilə də təyyarə qəzasından sonra iki ölkənin münasibətləri xeyli dərəcədə kəskinləşib. Belə şəraitdə Rusiya münasibətləri normallaşdırmaq üçün gərəkən addımları atmasa, sözsüz ki, münasibətlər də normallaşmayacaq və normal olmayan münasibətlər şəraitində birinci növbədə Azərbaycan ictimaiyyətində, Rusiya ilə bağlı qurumlara istər qeyri hökumət təşkilatları olsun, istər iqtisadi ticarət, mədəniyyət qurumları olsun, onlarla bağlı Azərbaycan cəmiyyətində istər-istəməz arzuolunmaz münasibət yarana bilər. Bunların qarşısını almaq üçün isə mütləq Rusiya  Azərbaycanla münasibətləri normallaşdırmağa çalışmalıdır. Əgər münasibətlər normallaşmasa, istisna deyil ki, gələcəkdə Rusiya ilə bağlı müəyyən qurumlar Azərbaycanda fəaliyyətlərini dayandıra bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31