Azərbaycan-Çin tərəfdaşlığı: Strateji əməkdaşlıq və yeni imkanlar – ÖZƏL

Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlıq əlaqələri son illərdə daha da güclənib. İki ölkə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığı genişləndirir, Orta Dəhliz layihəsi çərçivəsində birgə fəaliyyət göstərir. Prezident İlham Əliyev Davosda Çin telekanalına verdiyi müsahibədə bu tərəfdaşlığın əhəmiyyətini bir daha vurğuladı.

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Əliqismət Bədəlov bildirib ki, prezident İlham Əliyevin çıxışları dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanır və Azərbaycanın uğurları yüksək qiymətləndirilir:

"Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışları, həmçinin dünyanın aparıcı media vasitələrinə verdiyi müsahibələr dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Çünki  Azərbaycan son illər sürətlə inkişaf edən ölkələr sırasına daxildir. Ölkəmizin siyasi, iqtisadi, mədəni, həmçinin hərbi sahələrdə əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dövlət başçımızın Davosda Çin telekanalına verdiyi müsahibə bu baxımdan böyük maraqla qarşılanıb".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlıq qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq deməkdir.

"Məlum olduğu kimi, Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik ölkələrdir. Hər iki ölkə bu gün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu da təsadüfi deyil. Azərbaycan qeyd etdiyimiz kimi, hazırda dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Ötən il Çin və Azərbaycanın rəsmi olaraq strateji tərəfdaşlıq  formaları ölkəmizə verilən yüksək dəyərin növbəti nümunəsi oldu. İki ölkə başçısının görüşündən sonra strateji tərəfdaşlıq üzrə müvafiq bəyannamə də qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addım oldu. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Azərbaycan və Çin təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla, digər sahələrdə də tərəfdaşlığı getdikcə genişləndirirlər".

Əliqismət Bədəlov əlavə edib ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı da buna nümunədir.

"Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilata daha yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Ümumiyyətlə, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri getdikcə genişləndirir. Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-in bütün üzv dövlətləri çox yaxşı və dost münasibətləri var. Azərbaycan müasir nəqliyyat strukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Dünya İqtisadi Forumunda dövlətimizin başçısı Orta Dəhlizin potensialı barədə ətraflı məlumat verdi. Məlumdur ki, Çin bu yolun əhəmiyyətini daha da artırıb".

Müsahibimiz ölkənin gələcək məqsədlərindən, Azərbaycan-Çin münasibətlərindən və Çin texnologiyalarının ölkəmizdə istifadəsindən də bəhs edib.

"Bu da ilk növbədə biznes imkanları təmin edir. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi sadəcə tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Ölkəmizin hədəfi özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Çin-Azərbaycan münasibətlərində baş verən hadisələr, Orta Dəhlizin Azərbaycan seqmentinin instrukturun təkmilləşdirilməsində mühüm rol oynayıb. Çin yaşıl texnologiya sahəsində sürətlə inkişaf edir və əlbəttə ki, öz təcrübəsini dünya ilə bölüşür. Ölkəmizin də çox aktiv yaşıl gündəliyi var. Məsələn, Çinlə birlikdə müəyyən elektrik stansiyalarının üzərində iş gedir. Zəngin qazıntı enerji növlərinə malik olan ölkəmizin iqtisadiyyatımızın yaşıl enerjiyə özünəməxsus şəkildə baxışı var. Yaxın illərdə Azərbaycanda enerji sahəsində inqilab olacaq. Bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycanda olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyalarını təmin edir. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız Çin texnologiyasını seçirlər. Çin və Azərbaycana daha yaxın dost olmaq üçün qarşılıq  nümayiş etdirən yüksək səviyyəli tərəfdaşdırlar. Artıq iki ölkə arasında gediş- gəliş üçün viza tələb olunmur. Xalqarası təmaslar ölkələri bir birinə daha yaxın edəcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31