Rusiya Ermənistanla münasibətlərini korlamaqda maraqlı deyil- ÖZƏL
13 Fevral 2025 14:23 Siyasət"Əslində Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki gərginlik təqdim olunduğu qədər də deyil. Bu daha çox planlı şəkildə həyata keçirilən və əvvəlcədən yazılmış ssenari təsiri bağışlayır.
Bunu gərgin hesab olunan münasibətlər dövründə iki ölkə arasındakı iqtisadi göstəricilər, artan ticarət dövriyyəsi də sübut edir. İki ölkə arasında ticarət dövriyyəsinin fantastik şəkildə 14 milyarda çatması, Ermənistanın rəsmi Moskvaya Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmağa kömək etməsi ilə birbaşa bağlıdır".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Yəni, bir tərəfdən ABŞ-la strateji tərəfdaşlıq sazişi bağlayan, Avropa İttifaqına üzvlük proseduruna başlayan Ermənistan hələ də KTMT-dən çıxmamaqla, Avrasiya İqtisadi İttifaqının üzvü qalmaqla Rusiya ilə münasibətlərini də davam etdirir.
Əgər münasibətlər həqiqətən də gərgindirsə, o zaman Rusiyanın təşəbbüsü ilə Avrasiya İqtisadi İttifaqından Ermənistana 100 milyon dollar ayrılması necə izah oluna bilər? Və ya bu necə gərgin münasibətlərdir ki, Rusiya istər enerji resursları, istər nəqliyyat, istərsə də qida təminatı baxımından tamamilə özündən asılı olan Ermənistana qarşı hər hansı təzyiq rıçaqlarını işə salmır?
Azərbaycanda bir "Rus evi"nin bağlanmasına görə özlərinə əl qatan Rusiya, təyyarəmizi vurduğuna görə üzr istəmək əvəzinə ölkəmizə qarşı kampaniya aparan rəsmi Kreml indiyə qədər Ermənistanda Rusiya televiziyalarının yayımının dayandırılmasına, rus məktəblərinin bağlanmasına, ABŞ-Ermənistan birgə təlimlərinə bir dəfə də olsun münasibət bildirməyib.
Bütün bunlar və sadalamadığım digər faktlar onu sübut edir ki, Ermənistanla Rusiya arasında gərginlik gözə kül üfürməkdən başqa bir şey deyil. Rusiya Ermənistanla münasibətlərini korlamaqda maraqlı deyil və əlinə düşən ilk imkanda Ermənistanda özünə uyğun hakimiyyət formalaşdıracaqsa o zaman bir nömrəli müttəfiqi yenə də Ermənistan olacaq".
Zeynəb Rzayeva