Bakının “qara siyahı”sındakı qadın Xankəndidə nə edirdi? – Detallar
13 Fevral 2025 13:28 SiyasətXəbər verildiyi kimi, ABŞ Senatı Tulsi Qabbardı Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.
Olaylar.az xəbər verir ki, yeni direktorun Türkiyə və Azərbaycana münasibəti və başqa bir sıra məsələlərdəki mövqeyi diqqət çəkir.
Əvvəllər Nümayəndələr Palatasında Havay ştatını təmsil edən Qabbard ABŞ tarixində hind əsilli ilk qadın konqresmenlərdəndir. 2020-ci ildə Demokrat Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürsə də, seçki kampaniyasını erkən dayandırıb. O, mövqeləri ilə mübahisəli fiqur olub və partiyasının bəzi üzvləri ilə ziddiyyətlər yaşayıb. 2022-ci ilin oktyabrında Tulsi Demokrat Partiyasından çıxdığını elan edib. Onun keçmişdə Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçmiş lideri Bəşər Əsəd kimi adlarla münasibəti bəzi senatorlar tərəfindən tənqid edilib.
ABŞ Milli Kəşfiyyatının yeni direktoru həm də erməniləri dəstəkləyən siyasətçi kimi tanınır. O, zaman-zaman Qarabağ münaqişəsinə dair bəzi açıqlamalar verib, ermənilərin mövqeyinə simpatiya göstərib. 2017-ci ildə Konqresmen kimi fəaliyyət göstərərkən Ermənistan Respublikasına və Qarabağa səfər edib, qondarma rejimin nümayəndələri ilə danışıb, regiona verdiyi dəstəyə görə Azərbaycanın tənqidi ilə üzləşib.
Həmçinin 2020-ci ildə Türkiyəni açıq şəkildə guya Ermənistan və Azərbaycan arasındakı müharibəni qızışdırmaqda ittiham edib. 2019-cu ildə Qabbard bir sıra digər ABŞ senatorları və Nümayəndələr Palatasının nümayəndələri ilə birlikdə "erməni soyqırımı" qətnaməsinin sponsoru olub.
Qeyd edək ki, T.Qabbardın Milli Kəşfiyyat İdarəsinin direktoru olaraq əsas vəzifəsi ABŞ prezidentinə hərbi və qeyri-hərbi sahələrdə kəşfiyyat məlumatlarını təqdim etməkdir. O, 18 müxtəlif kəşfiyyat təşkilatını idarə edəcək. (globalinfo)