COP29 və Azərbaycanın iqlim diplomatiyasında yeni rolu – ÖZƏL
13 Fevral 2025 13:33 SiyasətAzərbaycanın ev sahibliyi etdiyi COP29 qlobal iqlim konfransı təqribən 200 ölkə və beynəlxalq təşkilatı bir araya gətirərək, iqlim dəyişikliyi ilə mübarizədə mühüm platforma rolunu oynadı. Ölkənin namizədliyi yekdilliklə dəstəklənmiş, Azərbaycan üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir.
Konfransda Qlobal Cənubun maraqlarının müdafiəsi, Qlobal Cənub və Qlobal Şimal arasında əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzularından biri olub. Eyni zamanda, böyük dövlətlərin iqlim öhdəlikləri və zəngin ölkələrin inkişaf etməkdə olan regionlara dəstəyi diqqət mərkəzində dayanıb. Xüsusilə, kiçik ada dövlətlərinin iqlim problemləri COP29 çərçivəsində Bakıda keçirilən zirvə görüşündə ön plana çıxıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində COP29 qlobal iqlim konfransı ilə bağlı suallara da cavab verib.
Mövzu ilə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Olaylar.az-a danışıb. O bildirib ki, iqlim dəyişiklikləri daim gündəmin əsas müzakirə mövzusu olsa da, Azərbaycan fəal olaraq ikinci Qarabağ müharibəsindən sonra bu təşəbbüsə qoşulub:
"XX əsrin 90-cı illərindən etibarən iqlim dəyişiklikləri beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrildi. Davamlı olaraq artan iqlim təhdidləri 90-cı illərdən etibarən COP kimi mötəbər bir platformanın yaranmasına gətirib çıxartdı və Azərbaycan Respublikası da 1995-ci ildən bu təşəbbüsə qoşulmuşdur. Amma buna baxmayaraq, Azərbaycanın iqlim dəyişiklikləri məsələləri üzərində beynəlxalq münasibətlərdə daha fəal rol alması, şübhəsiz ki, ikinci Qarabağ müharibəsindən - Azərbaycan dövlətinin qazanmış olduğu tarixi cəbhədən sonraya təsadüf edir".
Taleh Əliyev qeyd edib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunu və münasibətlər sistemində yeni aktor olaraq rolunun müəyyən olunması baxımından çox faydalı bir tədbir oldu.
"İqlim dəyişikliklərindən daha çox təsirlənən Qlobal Cənub ölkələrinin COP29 problemlərinin ələ alınması, müzakirə edilməsi və bu istiqamətdə Qlobal Şimalın, Qlobal Cənubun problemlərinə həssaslığının artırılması ilə bağlı qəbul olunmuş qərarların icrasını həm təmin etmək, həm də bu istiqamətdə COP29-un Azərbaycan üzərinə qoymuş olduğu məsuliyyətdən irəli gələrək Azərbaycan bu istiqamətdə daha fəal bir diplomatik missiya həyata keçirir. Heç şübhəsiz ki, Azərbaycan prezidentinin bu günlərdə COP29-un prezidenti olmuş, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi özünün iqlim məsələləri üzrə xüsusi nümayəndəsi təyin etməsi də əslində COP29-da qəbul olunmuş qərarların icrasının həyata keçirilməsi baxımından Azərbaycanın üzərinə götürdüyü öhdəliklər və yaxud Azərbaycanın üzərində daha çox fokuslaşdığı Qlobal Cənubun problemlərinin həlli istiqamətində addımların atılması baxımından əhəmiyyətli rola malikdir".
Müsahibimiz əlavə edib ki, COP29-un nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərin növbəti mərhələdə daha çox şahidi olacağıq.
"Bu təkcə iqlim yox, həm də diplomatik statuslu yeni təsisatdır ki, xüsusilə də Qlobal Cənubun problemlərinin həlli və kiçik ada ölkələrinin iqlim dəyişikliyinin nəticələrindən təsirlənməsinə, Qlobal Şimalın daha çox donor qismində iştirakını təşviq etmək bu istiqamətdə COP29-un gündəliyindən irəli gələn yeni çağırışların, yeni tələblərin müzakirə olunması və qəbul olunmuş qərarların icrası istiqamətində növbəti əməli addımların atılması, Azərbaycanın yeni beynəlxalq aktor olaraq rolunun daha təsirli olması baxımından da cənab prezidentin bu sərəncamı hesab edirəm ki, çox faydalıdır. Bu sahənin daha koordinasiyalı vəziyyətdə həyata keçirilməsi baxımından da əhəmiyyətli bir qərar idi. Biz COP29-un nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərin növbəti mərhələdə daha çox şahidi olacağıq".
Səidə Ramazanova