İlham Əliyev ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhət verdi
14 Fevral 2025 14:55 SiyasətPrezident İlham Əliyevin Davosda səfərdə olarkən Çinin CGTN kanalına verdiyi müsahibə bir sıra məqamlarla diqqəti cəlb edir. Dövlət başçısı müsahibəsidə bir sıra mübahisəli məsələlərə aydınlıq gətirməklə yanaşı, dünyada baş verə biləcək yeniliklər, dövlətlərarası münasibətlərin inkişafı və ən nəhayət Azərbaycanın beynəlxalq arenada yeri ilə bağlı açıqlamalar verməklə yüksək siyasi analitik qabiliyyətə malik olmasını ortaya qoymuş oldu. Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davosda səfərdə olarkən Çinin CGTN kanalına verdiyi müsahibədə üç suala cavabı diqqəti daha çox çəkir: " Həmən suallardan biri bu idi: "Çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?" Prezident İlham Əliyevin cavabı maraqlı oldu: "Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik".
Azərbaycan üzləşdiyi bütün ədalətsizliklərə, edilən təzyiqlərə, bəzən şirnikdirici təkliflərə baxmayaraq strateji səbr sərgiləyib, heç bir gücün çətiri altına girməyib, bəziləri kimi tez-tez səf dəyişməyib. Həqiqətən də həmişə dayandığı yerdə, yəni milli maraqlarının yanında olub.
İlham Əliyevin CGTN kanalının aparıcısının Trampın Prezident seçilməsinin doğurduğu "qeyri müəyyənlik" və onun idarəçilik üslubu haqda verdiyi suala cavabı da həm çox mükəmməl, həm də belə demək mümkündürsə, hədəfli idi.
ABŞ-də ötən ilin noyabrında keçirilən seçkiyə hələ bir neçə ay qalmış cənab Trampın Prezident seçilməsinin Azərbaycan üçün daha arzuolunanlığını gizlətməyən dövlət başçımızın çinli jurnalistin sualını cavablandırarkən dediyi kimi bizdə bununla bağlı hər hansı hər hansı qeyri-müəyyənlik yoxdur. Əksinə Bayden administrasiyasının tamamilə korladığı əlaqələrin Tramp dönəmində yenidən öz məcrasına dönəcəyinə ümidlər böyükdür. Dövlət başçımızın da bildirdiyi kimi Trampın Prezident seçilməsi bir sıra Avropa dövlətlərində ciddi narahatlıq yaradıb ki, bu da səbəbsiz deyil. Həmən dövlətlər, ilk növbədə də Fransa ABŞ-də keçirilən Prezident seçkisində demokratların təmsilçsinin qələbə çalmasını istədiklərini gizlətmirdilər və Makron hətta bu arzunu proqnoz olaraq sırıyırdı. Onun seçkiyə cəmisi bir neçə gün qalmış Kamala Harrisin qələbə çalacağını dediyini yəqin xatırlayanlar var. Fransa Prezidentinin Kanadadakı həmfikiri və əqidədaşı Castin Trüdonun baş nazirlikdən getməsi də elə məhz Trampa qarşı seçkiöncəsi sərgilədiyi mövqenin ona baha başa gələcəyini dərk etməsi ilə bağlıydı. Üçüncü suala-Çin təmsilçisinin uğurlu bir lider kimi cənab Prezidentin lidelik haqda düşüncələrini bölüşmək xahişinə verilən cavab isə tam həqiqəti əks etdirməklə yanaşı həm də hər bir siyasətçi üçün məncə, ibrət dərsidir: "Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək.
...Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız".
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Çinin televiziya kanalına müsahibə verib. Bu Azərbaycan və Çin arasında iqtisadi, siyasi, mədəni, humanitar və demək olar ki, digər önəmli sahələr üzrə qurulan əlaqələr dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Hələ ötən il iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir".
Onun bildirdiyinə görə, Cənab Prezident öz müsahibəsi zamanı aydın və məzmunlu çıxışı ilə bu məsələlərə, eləcə də bir sıra tarixi faktlara toxunmuşdur: "Xüsusilə cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?, sualına- "Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq", cavabının verilməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursuna sadiq şəkildə həyata keçirdiyi güclü və bənzərsiz siyasət bu gün ölkəmizi demək olar ki, bütün sferalar üzrə inkişafın zirvəsində qərarlaşdırıb. Əlbəttə ki, dövlətin müstəqilliyini əldə etməkdən də çətin vəzifə məhz bu müstəqilliyi qorumaq,onu daimi və əbədi etməkdir. Bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına(COP29) ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Əldə olunan nailiyyətlər məhz Azərbaycan Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin apardığı müdrik xarici siyasətin bariz nümunəsidir. Azərbaycanın bütün dünya dövlətləri ilə xarici əlaqələri sülh və humanizm prinsiplərinə əsaslanır. Hazırda qonşumuz olmağına baxmayaraq, məkirli siyasət aparan Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına arxalanmağa son qoyub, regiondakı yeni tarixi reallıqlarla barışmalı, dövrün tələblərini, beynəlxalq hüquq normalarını və Azərbaycanın ədalətli,konstruktiv mövqeyini qəbul edib, 17 maddədən ibarət olan sülh müqaviləsini imzalamalıdır. Bu, həqiqətən Ermənsitan dövləti və cəmiyyəti üçün də seçilmiş ən yaxşı yol olardı. Müasir geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin Ermənistan siyasi rəhbərliyinə tarixi bir şans verərək, tarixi ədaləti könüllü olaraq qəbul etmələri üçün fürsət tanıması məhz dövlətimizin başçısının humanist mövqeyinin göstəricisidir. Əks təqdirdə, necə deyərlər, ədalət gec-tez yerini tapacaq".
Nurlan