Fransız deputatdan təxribatçı çıxış: Avropa Ermənistanı hərbi yardımla dəstəkləməlidir – ÖZƏL
13:30 Siyasət"Ermənistanın təhlükəsizliyi və suverenliyi təhdid altındadır, bu səbəbdən Avropa İttifaqı (Aİ) Ermənistana dəstəyini artırmalıdır".
Olaylar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin fransalı deputatı Fransua Ksavyer Bellami Brüsseldə verdiyi müsahibəsində deyib. Bellami, Aİ-nin Azərbaycanın Avropa missiyasına ünvanlanan ittihamlarına adekvat cavab vermədiyini bildirib.
"Aİ Azərbaycanın təhdidlərinə göz yumur"
Bellami, Avropa Komissiyasını Azərbaycan rəhbərliyinə qarşı kifayət qədər sərt addımlar atmamaqda ittiham edərək, bunun əsas səbəbini enerji müqavilələrinə bağlılıqla izah edib. O bildirib ki, Bakı ilə bağlanmış qaz müqaviləsi Aİ-nin müstəqil siyasət yürütməsinə mane olur. "Avropa Azərbaycandan daha az asılıdır, nəinki Azərbaycan Avropadan," - deyə o vurğulayıb.
"Avropa Ermənistana hərbi dəstək verməlidir"
Bellami, Avropa İttifaqının Ermənistana hərbi yardım etməsinin zəruri olduğunu qeyd edib. O, Ermənistanın silahlı qüvvələrinin avadanlıqlar və hərbi texnika ilə təmin edilməsinin ölkənin təhlükəsizliyini artıracağını bildirib. Deputat, həmçinin Aİ-nin Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasını daha da gücləndirməsini təklif edib.
"Ermənistan Avropa ilə sıx əlaqələr qurmalıdır"
Fransız deputat Ermənistana viza rejiminin ləğv olunması, iqtisadi əlaqələrin genişləndirilməsi və Avropa ilə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Bellami, Ermənistanın demokratik dövlət olduğunu və Aİ-nin bu ölkəni daha fəal şəkildə dəstəkləməsinin vacib olduğunu bildirib.
"Türkiyə və Azərbaycan məsələsində ikili standartlar"
Fransua Ksavyer Bellami Aİ-nin Türkiyə və Azərbaycanla bağlı ikili standart tətbiq etdiyini də iddia edib. O, Aİ-nin Rusiyaya qarşı sərt mövqeyinin Azərbaycanın siyasətinə qarşı tətbiq edilmədiyini söyləyib və buna son qoyulmasının vacibliyini vurğulayıb.
Fransız deputatın bu çıxışı Azərbaycanı hədəfə alan birbaşa təxribat xarakteri daşıyır və bölgədə gərginliyi artırmaq məqsədi güdür.
QİYMƏT MAHİR