Fransanın müstəmləkə siyasəti Reyunyon xalqının etnik kimliyinin yer üzündən silinməsinə hesablanıb - Benjamin Klement
21 Yanvar 16:32 SiyasətFransa müstəmləkə siyasəti Reyunyon xalqının etnik kimliyinin yer üzündən silinməsinə hesablanıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Ka Ubuntu"Müstəqillik hərəkatının üzvü Benjamin Klement Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən media brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransanın Reyunyonda törətdiyi cinayətlərin bir qismi ictimaiyyətə məlum deyil.
"Biz bu cinayətlərin təzminatı olaraq ədalətin bərpa olunmasını və müstəqilliyimizin geri verilməsini istəyirik.
Müstəmləkə siyasətinə görə Reyunyonda işsizlik artıb. Bununlada gəncləri məcbur edirlər ki, Fransa işçi olaraq getsinlər. Bununla yanaşı xalqa öz dilini unutdurmağa çalışırlar. Düşünürlər ki, dilimizi unutdursalar öz müstəmləkə siyasətlərini də unutduracaqlar",- deyə o bildirib.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində Portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.