Ermənistan Haaqa Konvensiyalarını ratifikasiya edərək Daimi Arbitraj Məhkəməsinin üzvü olacaq – ÖZƏL

Ermənistan Haaqa Konvensiyalarını ratifikasiya edərək Daimi Arbitraj Məhkəməsinin üzvü statusu qazanacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə yanvarın 10-da Milli Məclisin Dövlət-hüquq məsələləri üzrə daimi parlament komissiyasının iclasında "Beynəlxalq mübahisələrin dinc yolla həlli haqqında" 1899-cu il 29 iyul və 1907-ci il 18 oktyabr tarixlərində Haaqa şəhərində qəbul edilmiş konvensiyaların ratifikasiyası müzakirə olunarkən Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan məlumat verib.

Kirakosyanın sözlərinə görə, hər iki konvensiya daha çox simvolik əhəmiyyət daşıyır. "Beynəlxalq hüquq tarixində ilk dəfə olaraq mübahisələrin dinc yolla həlli prinsipinin məzmunu formalaşdırılıb və dövlətlər üçün mübahisələri yalnız dinc vasitələrlə həll etmək öhdəliyi yaradılıb. Konvensiyalar ratifikasiya edildikdən sonra Ermənistan Daimi Arbitraj Məhkəməsinin üzvü olacaq və beləliklə, məhkəməyə arbitr namizədlərini təqdim etmək hüququ qazanacaq. Bu arbitr namizədləri dövlətlər arasında mübahisələr və ya investisiya arbitrajları zamanı işlərə baxmaq üçün fəaliyyət göstərə biləcəklər," - deyə o bildirib.

Hazırda Daimi Arbitraj Məhkəməsinin 124 üzvü var. Konvensiyaların ratifikasiyası halında Ermənistan bu qurumun 125-ci üzvü olacaq. "Bu konvensiyaları ratifikasiya etməklə Ermənistan beynəlxalq ictimaiyyətə mübahisələrin dinc yolla həlli, sülhün təmin edilməsi, güc tətbiqinə və güc tətbiqi təhdidlərinə qadağa ilə bağlı mühüm siqnal göndərəcək," - deyə Kirakosyan vurğulayıb.

O, həmçinin əlavə edib ki, hazırda Ermənistanın iştirakı ilə Daimi Arbitraj Məhkəməsində bir neçə iş araşdırılır ki, bu da ölkənin bu instituta üzv olması üçün əlavə stimuldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31