Əsəd rejiminin çökməsi Ermənistanın da uduzması deməkdir– ÖZƏL

"Əvvəla onu deyim ki, Əsəd rejiminin uzun illər ərzində Ermənistana verdiyi dəstək fonunda indi bu rejimin süquta uğraması bizim də maraqlarımıza cavab verir. Məlumdur ki, Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edir və parallel olaraq bizə dost olmayan ölkələr - xüsusilə də Ermənistan, İran və Hindistan kimi ölkələrlə xüsusi yaxınlıq nümayiş etdirirdi. Beynəlxalq təşkilatlarda  Azərbaycanın Ermənistana qarşı təşəbbüs etdiyi sənədlərin bloklanmasında fəal iştirak edən Əsəd hakimiyyətinin   Ermənistanla açıq-aşkar müttəfiqlik etdiyi də faktdır. 
İslam Əməkdaşlıq Təşkilatında hər dəfə Azərbaycanın  Ermənistana qarşı qaldırdığı təşəbbüslərin əleyhinə çıxış etməklə də Ermənistana bütün imkanları ilə dəstək nümayiş etdiridi. Bütün bunlarla yanaşı Suriyanın daxilindəki ermənilərə də xüsusi imtiyazlar verilmişdi". 


Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Məsələn sayları 3.5 milyon civarında olan türkmənlərə hər hansı hüquqlar verilmədiyi halda Suriya Konstitusiyasına görə ermənilərə azlıq statusu verilmişdi. Bu məqam ölkənin 1949 və 1972-ci il konstitusiyalarında öz əksini tapıb. Yəni, Suriyada yalnız ermənilər azlıq kimi qəbul olunub. Başqa icmalar isə Suriya ərəb vətəndaşları kimi tanınırdı və faktiki olaraq vətəndaşlıq adı altında türkmənlərin assimilyasiyası aparılırdı. 
Odur ki, indi Əsəd rejiminin çökməsi ilə onun dəstək verdiyi Ermənistan da  faktiki olaraq uduzmuş tərəfdə yer alır. Həm Əsəd rejiminə, həm də Ermənistana dəstəyi ilə seçilən İran da çıxılmaz vəziyyətlə üzləşib.
Bu gün böyük əminlik var ki, Türkiyə dəstəkli müxalif qüvvələrin Suriyada söz sahibi olması, eləcə də əslində Azərbaycan kökənli hesab olunan türkmənlərin də bu və ya digər şəkildə Suriyada mövqelərini möhkəmləndirməsi ilə bundan sonra Suriya-Azərbaycan qarşı münasibətləri tamamilə müsbət istiqamətdə dəyişəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31