Pakistanın baş naziri AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib (FOTO)
26 Dekabr 20:20 SiyasətPakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı vermək üçün Azərbaycanın İslamabaddakı səfirliyinə gedib.
Bu barədə Olaylar baş nazirin ofisinə istinadən xəbər verir.
"2024-cü il dekabrın 26-da hökumət başçısı Azərbaycanın səfiri Xəzər Fərhadovla görüşüb və başsağlığı kitabına bu çətin anda Azərbaycan xalqına dəstəyini qeyd edib", - məlumatda bildirilir.
Məhəmməd Şahbaz Şərif həmrəyliyin vacibliyini qeyd edib və Pakistanın faciə ilə bağlı lazımi yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.