Tramp və Putin arasında 2025-ci ildə çox maraqlı dialoqlar baş verə bilər - ÖZƏL
26 Dekabr 19:46 Siyasət"Rusiyanın indiki məqamda Ukrayna ilə danışıqlara getməsi o qədər də real görünmür və bu, Kremlin maraqlarına uyğun deyil".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Məsələ ondan ibarətdir ki, Ukrayna tərəfi bərabər hüquqlu danışıqlar istəyir və işğal edilmiş ərazilərin qaytarılmasını tələb edir. Rusiya bunda maraqlı deyil və ən azından əldə etdiyi ərazilərini istəyir. Yəni, başqa cür desək, Ukraynanın ərazi itkisi hesabına sülh müqaviləsini imzalamasını istəyir. Hələ ki, şərtlər buna uyğun deyil. Amma Amerika prezidenti Donald Trampın vəzifə səlahiyyətlərini icra etməsi fonunda ərazi itkisi hesabına sülhə gedilməsi məsələsi aktuallaşa bilər. Trampın özü də son açıqlamalarında buna dair müəyyən mesajlar verirdi. Düzdür, birmənalı şəkildə bunu edəcək deyə bir şey yoxdur. Amma Trampın sonuncu açıqlamalarında Qrelandiya, Panama və Kanada ilə bağlı dedikləri faktiki olaraq proseslərin Amerikanın yeni siyasi xətt üzərindən getmək istədiyini göstərir və bütün bunları nəzərə alıb deyə bilərik ki, Tramp və Putin arasında 2025-ci ildə çox maraqlı dialoqlar baş verə bilər. Putin buna ümid bəsləyir və xüsusilə də Şimal Buzlu okeandakı maraqlarının güzəşt edilməsi hesabına Ukraynada divident əldə etməyi düşünür".