Tarixə yazılan hadisələr və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi – ÖZƏL

"İlin başlanğıcı Azərbaycanın suveren ərazisində ilk dəfə Prezident seçkilərinin keçirilməsi ilə əlamətdar oldu. Bu, tarixin ən vacib hadisəsi idi. Bu, həm erməni separatizminin  dəfninin rəsmiləşdirilməsi kimi, həm də suvereniliyin ifadəsi baxımından mühüm bir mərhələ idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Sonrakı mərhələdə  yadda qalan önəmli vacib məqam Azərbaycan-Pakistan-Türkiyə üçbucağında baş verən önəmli hərbi-strateji müttəfiqliyin dərinləşməsi oldu. 
Çox vacib nöqtələrdən biri Azərbaycanla-Çin arasında strateji əməkdaşlıqla bağlı müqavilənin imzalanması oldu. Çin kimi böyük bir dövlətlə strateji tərəfdaşlıq müqaviləsinin imzalanması bizə gələcəkdə beynəlxalq münasibətlər sistemində önəmli iştirakçılıq üçün bir əsas yaratdı. 
İlin yadda qalan hadisələrindən biri Araz sahillərində Azərbaycan-İran birgə fəaliyyətinin məhsulu kimi müəyyən layihələrin icrasının açılışı idi, hətta məncə, Azərbaycan-İran strateji dərinlikdə razılaşmaları idi. Təəssüf ki, dərhal sonra geri qayıdan İran prezidentinin  helikopteri qəzaya uğradı və o, həyatını itirdi. 
Başqa önəmli hadisə kimi avqust ayında Vladimir Putinin Azərbaycana səfəri nəzərdən keçirilməlidir. Bu, Rusiya-Azərbaycan münasibətlərində mühüm bir nöqtəni təşkil etdi. Ən azından həm sülh danışıqları gedən ərəfədə, həm də Zəngəzur dəhlizi nöqtəsində müəyyən yeni yanaşmaların ortaya çıxmasına səbəb oldu. 
Şübhəsiz ki, ilin ən mühüm hadisəsi COP29 iqlim sammiti idi. Azərbaycanın dünya iqlim siyasətində, iqlim yanaşmasında oynadığı rola böyük ölçüdə aydınlıq gətirildi. 
Cənab Prezidentin Britaniya və Almaniyadakı görüşləri də Avropaya inteqrasiya kontekstində yeni ölçülü əməkdaşlıqlara görə yadda qalan hadisələrdən idi.
Təəssüf ki, ili AZAL-a məxsus təyyarə qəzası ilə yekunlaşdırmış oluruq. Həyatını itirən soydaşlarımıza, digər sərnişinlərə Allah rəhmət etsin, yaralılara şəfa versin!"

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31