Azərbaycanı işıqlı gələcək gözləyir– 2030-cu ilədək büdcə proqnozları

Azərbaycanda qeyri-neft-qaz ÜDM-in artım tempinin proqnozlardan aşağı olması dövlət büdcəsinin gəlirlərinə və fiskal balansa mənfi təsir göstərə, qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin müəyyən edilmiş hədəfi aşmasına səbəb ola bilər.

Bu barədə 2027-ci ilin dövlət və icmal büdcələrinin layihələrini əhatə edən büdcə zərfində qeyd olunub.

Sənəddə bildirilir ki, qeyri-neft-qaz ÜDM-in artım tempində mümkün dəyişikliklərin fiskal göstəricilərə təsiri, əsasən, iqtisadi aktivliyin və vergi bazasının dəyişməsi vasitəsilə formalaşır. Bu dəyişikliklər icmal büdcənin gəlirlərinə, qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə, eləcə də icmal büdcə balansının ÜDM-ə nisbətinə təsir göstərir.

İqtisadi artımla bağlı qeyri-müəyyənlikləri nəzərə almaq məqsədilə baza proqnozundan fərqli ehtimal ssenariləri üzrə qiymətləndirmələr aparılıb. Belə ki, 2027-2030-cu illər üçün qeyri-neft-qaz ÜDM-in artım tempinin baza ssenaridən 0,5, 1 və 2 faiz bəndi müsbət və mənfi istiqamətdə kənarlaşması əsasında müxtəlif risk ssenariləri hazırlanıb.

Qiymətləndirmələrə əsasən, 2030-cu ildə ikinci və üçüncü pessimist ssenarilərdə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin müəyyən edilmiş 12 faizlik aralıq hədəfini müvafiq olaraq 0,2 və 2,1 faiz bəndi aşacağı gözlənilir. Başqa sözlə, bu göstəricinin həmin ssenarilərdə müvafiq olaraq 12,2 və 14,1 faizə yüksəlməsi ehtimal olunur.

Əks olunan proqnozlara görə, 2022-ci ildə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti təxminən 22,8 faiz təşkil edib. 2023-cü ildə bu göstərici 22 faiz, 2024-cü ildə 20 faiz, 2025-ci ildə isə 18,5 faiz ətrafında olub. 2026-cı ildə təxminən 17,6 faizə enən göstəricinin 2027-ci ildən etibarən iqtisadi artım ssenarilərindən asılı olaraq müxtəlif istiqamətlərdə dəyişəcəyi proqnozlaşdırılır.

Sənəddə qeyri-neft-qaz ÜDM-in artım tempindəki dəyişikliklərin icmal büdcənin fiskal balansına təsiri də qiymətləndirilib.

Sənədə əsasən, icmal büdcə balansının ÜDM-ə nisbəti 2022-ci ildə təxminən 6,7 faiz, 2023-cü ildə 9 faiz, 2024-cü ildə 5,1 faiz, 2025-ci ildə isə 4 faiz səviyyəsində olub. 2026-cı ildə bu göstəricinin 0,8 faizə qədər azalacağı, 2027-ci ildə isə təxminən 1,7 faizlik kəsirin yaranacağı proqnozlaşdırılır.

Sonrakı illərdə fiskal balansın dinamikası iqtisadi artımın sürətindən asılı olacaq. Belə ki, qeyri-neft-qaz ÜDM-in artım tempinin baza ssenaridən aşağı olması iqtisadi aktivliyin və vergi daxilolmalarının zəifləməsi hesabına icmal büdcə balansına mənfi təsir göstərəcək. Əksinə, daha yüksək iqtisadi artım vergi bazasının genişlənməsinə və büdcə gəlirlərinin artmasına şərait yaradaraq fiskal balansın yaxşılaşmasına imkan verəcək.

Risklərin azaldılması üçün hansı tədbirlər görüləcək?

Büdcə zərfində qeyd olunur ki, qeyri-neft-qaz ÜDM-in artım tempinin mümkün zəifləməsinin büdcə gəlirlərinə və fiskal balansa təsirini məhdudlaşdırmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu çərçivədə vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının daha da gücləndirilməsi və ortamüddətli fiskal konsolidasiyanın davam etdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Bu tədbirlər iqtisadi artım üzrə mümkün mənfi kənarlaşmaların büdcə göstəricilərinə təsirini azaltmağa və ortamüddətli dövrdə fiskal dayanıqlılığı qorumağa xidmət edəcək.

Bununla yanaşı, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət subsidiyalarının optimallaşdırılması, tənzimlənən qiymətlərin rolunun mərhələli şəkildə azaldılması, habelə dövlət müəssisələrində idarəetmə və hesabatlılıq standartlarının təkmilləşdirilməsi istiqamətində tədbirlər nəzərdə tutulur.

Sənəddə vurğulanır ki, bu addımlar dövlət maliyyəsi üzərində yarana biləcək potensial yükün azaldılmasına, rəqabət mühitinin yaxşılaşdırılmasına və qeyri-neft iqtisadi artımının dəstəklənməsinə imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31