Britaniyanın Bakıdakı səfirliyində bayraq yarıya qədər endirilib
26 Dekabr 14:47 SiyasətBöyük Britaniyanın Bakıdakı səfirliyinin qarşısında AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə bu ölkənin bayrağı yarıya qədər endirilib.
Olaylar xəbər verir ki, bu barədə səfirliyin "X" platformasındakı paylaşımında deyilir.
"Bu gün təyyarə qəzası qurbanlarının xatirəsinə Azərbaycanda matəm günü ilə əlaqədar səmimi ehtiram əlaməti olaraq Böyük Britaniyanın Bakıdakı səfirliyində bayraq yarıya qədər endirilib", - paylaşımda bildirib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.