Azərbaycançılıq ideologiyasının tətbiqi müsbət nəticə verməkdədir- ÖZƏL

"Azərbaycançılıq ideologiyası özəllik, köklü birlik və həmrəylik üzərində qurulub. Bu ideologiya illər boyu dünya azərbaycanlarının həmrəyliyinə xidmət edib". Olaylar xəbər verir ki, bunu Diaspora Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri  Fuad Hüsenzadə deyib:
"Ümumilikdə, azərbaycançılıq ideologiyası xalqımızın milli-mənəvi dəyərlərini, etnoqrafiyasını, atributlarını və adətlərini özündə ehtiva edir. Bu ideologiyanın tətbiqi  xalqın milli ruhuna hopub  və nəticədə müstəqillik əldə etdikdən sonra Azərbaycanlarda milli şüur və milli düşüncə formalaşıb.
Artıq Azərbaycanda və dünyada azərbaycançılıq ideologiyasının tətbiqi müsbət nəticələrini verməkdədir. Bu ideologiyanın əsas xüsusiyyətlərindən biri, dünya azərbaycanlarının həmrəyliyinə xidmət etməsidir. Müxtəlif ölkələrdəki soydaşlarımız tədbirlər keçirərkən azərbaycançılıq ideologiyasına əsaslanır və bu ideologiyanın nəzəri və praktiki tətbiqi istiqamətində işlər görülür.
Xüsusilə, müstəqil Azərbaycanda azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevdir. 1991-ci ildən etibarən Dünya Azərbaycanlarının Həmrəyliyi Günü qeyd olunur. Bu bayramın təsis edilməsinin qərarını Heydər Əliyev vermişdir və bu iki fakt bir-birinə sıx bağlıdır. Dünya Azərbaycanlarının Həmrəyliyi Gününün təsis edilməsi azərbaycançılıq ideologiyasının praktik təzahürüdür.
Bu illər ərzində bayramın keçirilməsi azərbaycanların birlik və həmrəylik formasında olması, azərbaycançılıq ideologiyasının tətbiqinin müsbət effektini bir daha sübut edir. Son illərdə, xüsusən 44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlarının birləşməsi, Prezident İlham Əliyevin dəmir yumruq çağırışı ətrafında birləşməsi, xalqımızın azərbaycançılıq ideologiyasına sadiqliyini bir daha göstərir.
Bu gün azərbaycanlılar, dünya üzrə 50 milyon soydaşımızı azərbaycançılıq ideologiyasıı özlərinə bir mayak, milli-mənəvi istinad nöqtəsi kimi görür. Bu, xalqımızın öz ideologiyası işığında birləşdiyini bir daha nümayiş etdirir.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi xaricdə azərbaycançılıq ideologiyasının təbliği istiqamətində də layihələr icra edir. Bu istiqamətdə 2020-ci ildə təşkilatımız tərəfindən "Azərbaycançılıq ideologiyası: dünya azərbaycanlılarının istinad mənbəyi" adlı kitab dərc edilib. Bu kitabın məqsədi, azərbaycançılıq ideologiyasını soydaşlarımız, xüsusən də gənclər arasında təbliğ etməkdir.
Kitab geniş şəkildə yayımlanmışdır və bu gün milli ideologiyamızın təbliğatı üçün əyani vasitə kimi istifadə olunur. Biz azərbaycançılıq ideologiyasının təbliği istiqamətində gördüyümüz işlərlə qürur duyuruq.
Yaxın zamanda Dünya Azərbaycanlarının Həmrəyliyi Günü qeyd ediləcək. Bu bayram münasibəti ilə bütün dünya azərbaycanlılarını təbrik edirik. Həmrəyliyimiz yolunda bütün soydaşlarımıza uğurlar arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31