2024 dünyada və Cənubi Qafqazda necə yadda qaldı? – ÖZƏL

"2024-cü il həm dünyada, həm də Cənubi Qafqazda olduqca önəmli hadisələrlə yadda qaldı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib:

"Birincisi, Azərbaycanla başlamış olsaq, Azərbaycan bu il iki önəmli seçki keçirdi: Prezident seçkiləri və parlament seçkiləri. Bu seçkilər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonraya təsadüf elədi. Azərbaycan öz müstəqillik tarixində ilk dəfə olaraq özünün bütün ərazilərində seçkilər keçirdi. Həm prezident seçkilərini, həm də parlament seçkilərini bütün Azərbaycan ərazilərində keçirməklə,  öz ərazi bütövlüyünün təmin olunması ilə bağlı prosesi birmənalı şəkildə yekunlaşdırmış  və bunu da bütün dünyaya bəyan etmiş oldu. 
Dünyaya gəldikdə, önəmli hadisə Yaxın Şərqin yenidən dizayn olunmasına cəhdlər göstərilməsi və bu prosesin yekun mərhələyə yaxınlaşmasıdır. İlk növbədə İranın proksi qüvvələrinin sıradan çıxarılması Yaxın Şərqdə çox önəmli proseslərin növbəti mərhələyə keçid etməsinə münbit şərait yaratdı. Digər tərəfdən, Türkiyənin avanqard qüvvə mövqeyi ilə 2024-cü ildə nəhayət ki, Əsəd rejiminin devrilməsi, sıradan çıxarılması baş tutdu və Suriya böhranının həlli istiqamətində olduqca pozitiv istiqamətdə iri addımlar atılmış oldu. Bu da Yaxın Şərqin yenidən dizayn olunması prosesinə birbaşa təsir göstərdi. Eyni zamanda Cənubi Qafqazda cərəyan edən proseslər də 2024-cü ildə Azərbaycanın şəriksiz geopolitik iradəsi altında cərəyan etdi və rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransaya regionda hegemon kənar müdaxilə qüvvəsinə çevrilmək imkanı tanımadı. Azərbaycan öz siyasi iradəsini Qərbin hədəfləri qarşısında qoymağı bacardı və Cənubi Qafqaz üçün Azərbaycanın qırmızı cizgiləri müəyyənləşdirmiş oldu. Bundan sonrakı proseslərin də məhz rəsmi Bakının Azərbaycan üçün müəyyən etdiyi hədəflər çərçivəsində davam edəcəyi tamamilə inandırıcı görünür".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31