Ekspert: “Azərbaycan və Türkiyə həmfikirdirlər” – ÖZƏL

"İslam həmrəyliyi prinsipinə, humanist və ümumbəşəri dəyərlərə sadiq olan  Azərbaycan və Türkiyə tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı bölgələrin əhalisinə daim yardım göstərilib. Donor ölkə kimi tanınan iki qardaş dövlətin prioritetlərindən biri də sülhə, sabitliyə töhfə vermək, az inkişaf etmiş ölkələrə dəstək göstərməkdən ibarətdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Suriyada Bəşər Əl-Əsəd rejiminin devrilməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunmasında və vətəndaş qarşıdurmasına son qoyulmasında Azərbaycan və Türkiyə həmfikirdirlər. Dövlətlərimiz  arasındakı qardaşlıq və strateji münasibətlər bütün sahələrdə olduğu kimi, humanitar məsələlərdə də ortaq maraqlar kontekstində vacib əhəmiyyət kəsb edir. Yaxın Şərqdə uzun illərdir davam edən qeyri-sabitlik, müharibələr milyonlarla insanın qaçqın vəziyyətinə düşməsinə səbəb olub. Azərbaycan da hər zaman 
Türkiyənin yaxın dəstəyi ilə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək göstərib".

Siyasi şərhçi həmçinin bildirib ki, qardaş Türkiyə Suriya qaçqınlarını qəbul etməklə üzərinə böyük yük götürüb: 

"Bu gün Azərbaycan dövlət səviyyəsində dünyanın bütün bölgələrində olduğu kimi, çətin vəziyyətdə olan suriyalılara da öz dəstəyini ifa edir. Ölkəmiz Ermənistanın işğalına və təcavüzünə məruz qalaraq bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşsə də, daim oxşar vəziyyətdə olan dünya xalqlarına dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, yardım əlini uzadıb. Xatırlayırıq ki, vaxtilə Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhran yaşanan Yəmənə insani yardım göstərilib.
Türkiyədə çadır şəhərciklərində məskunlaşmış suriyalı qaçqınlara maddi yardımlar edilib. Təbii ki, ölkəmizin yardımının əhatə dairəsi bununla yekunlaşmır.
Belə ki, ölkəmiz Türkiyənin Van vilayətində və İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdən, Somalidəki səfalətdən əziyyət çəkənlərə öz dəstəyini əsirgəməyib. 
Xatırlayırıq ki, şəxsən Azərbaycan Prezidenti  "Suriyaya və regiona dəstək" adlı konfransda çıxış edərək suriyalı qaçqınlara öz dəstəyini ifadə edib, azərbaycanlıların da oxşar taleyi yaşadığını vurğulanaraq, ölkəmizin bu məsələdə həssaslığını diqqətə çatdırıb. Siyasi, iqtisadi maraqları naminə fəaliyyətlərini davam etdirən qüvvələrdən fərqli olaraq, Azərbaycan hər zaman Suriyada sabitliyin, sülhün və atəşkəsin tərəfdarı olub. Həmçinin Suriyanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğulayıb. Azərbaycan hər zaman Türkiyə, BMT və onun aidiyyəti ixtisaslaşmış təşkilatları vasitəsilə Suriya qaçqınlarına göstərilən humanitar yardım səylərinə öz töhfəsini verib. 
İkinci Qarabağ müharibəsindən sonra regionda oyun qurucu və liderliyi ilə fərqlənən Azərbaycan beynəlxalq aləmdə vacib rol oynamağa davam edir və humanitar məsələlərdə fəaliyyətlərini bundan sonra da davam etdirəcək".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31