2024-cü ilin Azərbaycanı– ÖZƏL
26 Dekabr 13:22 Siyasət"2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Bunlardan birincisi bu ilin 7 fevral tarixində keçirilən Prezident seçkiləridir. Bu Prezident seçkiləri müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində, yəni, həm də işğaldan azad olunmuş ərazilərdə keçirildi. İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Digər mühüm tədbir 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkiləri oldu. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-nin iştirak etdiyi seçkilərdə 11 Partiya Parlament partiyası olmağı bacardı.
Şübhəsiz ki, başa çatmaqda olan ilin ən mühüm siyasi hadisəsi içərisində ölkəmizdə keçirilən COP29 xüsusi yer tutur. Azərbaycanın sədrliyi ilə keçirilən bu mötəbər tədbirə 197 ölkədən 75 minə yaxın iştirakçı qatıldı ki, bunlardan da 80-i dövlət və hökumət başçıları oldu. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası istər təşkilati baxımdan, istər iştirak səviyyəsi baxımından, istərsə də əldə olunan razılaşmalar baxımından bir çox COP tədbirlərini geridə qoydu.
Daha bir əlamətdar hadisə ölkəmizin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü oldu. Özündə Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir və Nigeriyanı birləşdirən və faktiki olaraq 1.2 milyard insanın yaşadığı coğrafiyanı təmsil edən bu quruma üzvlük şübhəsiz ki, mühüm siyasi hadisədir. Ölkəmizin D-8 ölkələrinin böyük əksəriyyəti ilə həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində çox yaxşı münasibətləri mövcuddur və təbii ki, bu quruma üzvlük mövcud münasibətlərin daha güclənməsinə töhfə verəcək".
Zeynəb Rzayeva