Bunlar 2024-cü ilin müsbət məqamlarıdır...– ÖZƏL
26 Dekabr 13:20 Siyasət"2024-cü il Azərbaycan tarixində önəmli hadisələrlə yadda qaldı. İlk olaraq 30 ildən bəri işğal altında olan Azərbaycanın Qazax rayonu ərazisindəki 4 kəndi danışıqlar yolu ilə Azərbaycana qaytarıldı. Sərhədlərin delimitasiya-demarkasiya prosesinə start verildi. Ermənistanla Azərbaycan arasında delimitasiya-demarkasiya Komissiyalarının fəaliyyəti ilə bağlı əsasnamə qəbul olundu və Parlamentdə ratifikasiya edildi".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Sülh danışıqları istiqamətində bir çox addımlat atıldı, 17 maddəlik sülh danışıqları üzrə sənədin 15 maddəsi razılaşdırıldı. Qalan məsələlər üzrə proseslər də davam etməkdədir. Bunlarla bərabər, Azərbaycan müstəqillik dövründə ilk dəfə çox böyük, mötəbər bir tədbirə evsahibliyi etdi. Təxminən 76 minə yaxın iştirakçının qatıldığı COP29 tədbiri yüksək səviyyədə təşkil olundu. Azərbaycana ilk dəfə olaraq 80-dən çox ölkənin başçıları, rəsmi şəxsləri təşrif buyurdular. COP29-da Azərbaycanın bir çox məsələlərlə bağlı irəli sürdüyü təkliflər qəbul edildi. İqlim dəyişiklikləri ilə mübarizə üçün 300 milyard dollarlıq bir vəsaitin toplanması ilə bağlı qərar razılaşdırıldı. Təəssüf ki, ilin sonuna doğru faciəvi bir hadisə ilə də qarşılaşdıq. Belə ki, Bakı-Qroznı uçuşunu həyata keçirən AZAL şirkətinə məxsus təyyarə qəzaya uğradı, ölən və yaralananlar var. Allah onlara rəhmət etsin. Ümumən baxdıqda ili müsbət notlarla başa vurduq deyə bilərik. Bundan başqa il ərzində Qarabağa köç başlandı, Qarabağ Universiteti fəaliyyətə başladı və artıq 1100-dən artıq tələbə bu təhsil ocağında təhsil almaqdadır. İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə həyata keçirilməkdədir. Artıq Cəbrayıl şəhəri öz sakinlərini qəbul etməyə başlayıb və bu gün Qarabağın işğaldan azad olunmuş ərazilərində 30 mindən artıq soydaşımız yaşamaqdadır. Bütün bunlar 2024-cü ilin müsbət məqamlarıdır".
Zeynəb Rzayeva