Azərbaycanın qlobal səviyyədə inteqrasiyası üçün böyük işlər görülür
20 Dekabr 2024 10:51 Siyasətİstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region
ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının
inkişaf etdirilməsi
Məlumdur ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası prioritet məsələlər sırasına daxil oldu.
Bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Bu bir faktdır ki, Azərbaycanın qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır.
Siyasi şərhçi Azər Həsrət bildirir ki, bu gün hər tərəfdə Azərbaycanın qlobal səviyyədə inteqrasiyası üçün işlər görülür və bunun nəticələri də ürəkaçandır:
"Azərbaycan Respublikası 1991-ci ildə, o vaxtkı adıyla SSRİ, əslində Rusiyadan müstəqilliyini yenidən qazandıqdan sonra əsas da beynəlxalq platformalara, qurumlara inteqrasiya yolu tutdu. Əlbəttə ki, Azərbaycan bir müstəqil dövlət olaraq dünyaya açılmağa başladı. 1990-cı illərdə bu çox çətin idi. Həm informasiya kommunikasiya texnologiyaları indiki qədər inkişaf etməmişdi, səsimizi çatdırmaq çətin olurdu, həm də yetərincə təcrübəli və geniş əlaqələrə malik insanlarımız yox idi. Amma buna baxmayaraq, o vaxtı mənim də yadımdadır, ulu öndər Heydər Əliyev şəxsi nüfuzundan və imkanlarından istifadə edərək Azərbaycanı dünyaya tanıtmaq üçün böyük hərəkatlara başladı. Təbiidir ki, o dövrkü şərtlər çərçivəsində bu hərəkatlar nəticə verdi. Heydər Əliyevə qədər də Azərbaycan BMT-nin üzvü olmuşdu və buna baxmayaraq, yenə də səsimizi yetərincə çatdıra bilmirdik. Ona görə də Heydər Əliyev çox çalışdı və faktiki olaraq 1990-cı illərdə Azərbaycan dünyanın diqqət mərkəzinə gələ bildi. Onun ardınca da əlbəttə ki, istər layihələrində, istərsə də ictimai, siyasi platformalarda Azərbaycan önə çıxmağa başladı və 2000-ci illərdən sonra artıq Azərbaycan Respublikası faktiki olaraq beynəlxalq qurumların tərkib hissəsinə çevrildi. 2001-ci ildə biz Avropa Şurasına da üzv olduq, həmin dövrdən başlayaraq Avropa Şurası platformasından istifadə etdik, ona qədər ATƏT-in üzvüydük və əlbəttə ki, bu günə kimi də üzv olaraq davam edirik. Əlavə olaraq həm BMT, ATƏT, Avropa Şurası kimi qurumların tamhüquqlu üzvü əlavə olaraq biz bugünkü adı ilə Türk Dövlətləri Təşkilatının üzvüyük. Yəni Türk dövlətləri platformasında, coğrafiyasında da öz sözümüzü deyirik.
Bununla bərabər biz İslam Əməkdaşlıq Təşkilatı, dünən İslam ölkələrinin, müsəlman ölkələrinin Səkkiz təşkilatına üzv qəbul edildik, yeni bir qurumdur. Qardaş Türkiyə, İndoneziya, Malayziya kimi, Nigeriya kimi dövlətlər orada təmsil olunurlar. Yəni Azərbaycan təbiidir ki, bu təşkilatlarla da məhdudlaşmır. Kifayət qədər təcrübəsi olan, dünyanın BMT-dən sonra ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına da üzv olduq, əlavə olaraq onun sədrliyini bizə həvalə, etibar etdilər və Azərbaycanın sədr olduğu dövr COVID19 pandemiyası dövrünə düşdü və həmin dövrdə Azərbaycan bir dövlət olaraq həqiqətən də o təşkilatın öndəri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi və hətta Azərbaycanın təşəbbüsü ilə BMT belə toplaşmalı, müəyyən qərarlar qəbul etməli oldu. Yəni bununla bərabər, təbiidir ki, elə təşkilatlar var ki, birbaşa üzvüyük, məsələn, Müstəqil Dövlətlər Birliyinin üzvüyük. Yaxud da ki, TÜRKSOYun üzvüyük dövlət olaraq, elə qurumlar da var ki, onların üzvü deyilik, amma əməkdaşlıq edirik. Bunların arasında xüsusi olaraq vurğulamaq istədiyim NATO-dur, yəni dünyanın bir nömrəli hərbi siyasi alyansı, NATO-dur, Avropa Parlamenti ilə iş birliyi çərçivəsindəyik, Avropa Birliyi ilə iş birliyi içindəyik. Əlbəttə ki, Azərbaycan çoxsaylı beynəlxalq qurumların həm üzvüdür, bəzən müşahidəçidir, bəzən də onlarla ikitərəfli işbirliyi içindədir. Yəni biz artıq dünyada özümüzü tanıtmaq üçün əlavə cəhdlərə ehtiyac duymuruq. Azərbaycan tanınır, qəbul edilir və dünyanın ən böyük dövlətləri Azərbaycanla işbirliyinə maraq göstərir, hesablaşır. Yəni belə bir mərhələyə gəlib çıxmışıq. Düşünürəm ki, Azərbaycan xalqının da, dövlətinin də böyük uğuru kimi bunu qiymətləndirə bilərik. Amma təbiidir ki, bütün işlərin bitdiyini deyə bilmərik. Bizi irəlidə hələ yeni-yeni zirvələr, mərhələlər gözləyir, ona görə də istər dövlət, istərsə də vətəndaş cəmiyyəti, ümumiyyətlə ictimai, siyasi fəal insanlar, mediamız dünyaya inteqrasiyanı davam etdirəcək.
Yeri gəlmişkən deyim ki, dövlət öz müstəvisində hərəkət etdikcə, bizim vətəndaş cəmiyyəti və mediamız da qlobal inteqrasiyaya can atıb, uğurlarımız da az deyil. Azərbaycanın jurnalist qurumlarının səsi bu illər ərzində beynəlxalq jurnalist təşkilatlarından gəlib və gəlməyə davam edir. Qeyri hökumət təşkilatları ən böyük şəbəkələrə üzv olub, onların ali məclislərində iştirak edir, bəzən də rəhbərliyinə qədər seçilir. Bundan savayı, Azərbaycanın siyasi partiyaları, elə hakim Yeni Azərbaycan Partiyası başda olmaqla, müxtəlif siyasi partiyaların koalisiyalarına qoşulub. Yəni oralarda təmsil olunuruq. Hər tərəfdə Azərbaycanın qlobal səviyyədə inteqrasiyası üçün böyük işlər görülür və nəticələr də ürəkaçandır".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.