İrəvan sülh sazişinə hazırdır, lakin... – Ermənistan hakimiyyəti daxilində informasiya xaosu – ÖZƏL

Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan "Semafor" nəşrinə müsahibəsində İrəvanın Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu, lakin Bakının Ermənistan Konstitusiyasındakı ərazi iddiaları ilə bağlı istinadın ləğvi tələbinin hələ də müzakirə edildiyini bildirib. Bu açıqlama Ermənistan hakimiyyətinin əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Konstitusiya məsələsinin danışıqlar gündəliyində olmadığını və Bakının belə bir tələb irəli sürmədiyini iddia etsələr də, səfirin sözləri Azərbaycanın bu şərtinin müzakirə mövzusu olduğunu təsdiqləyib.

"Əslində məsələ Ermənistan hakimiyyəti daxilində ziddiyyətlərin mövcud olduğunu göstərir. Xarici işlər naziri Ararat Mirzoyan bir tərəfdən bu şəkildə açıqlama verir, digər tərəfdən isə ona tabe olan səfir tamamilə fərqli mövqe nümayiş etdirir. Bu, əlbəttə ki, Ermənistan hakimiyyəti daxilində ziddiyyətlərin və fikir ayrılıqlarının olmasının bariz göstəricisidir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, biz bunun əvvəlki dövrlərdə də şahidi olmuşuq. Müxtəlif dövrlərdə Ermənistan hakimiyyətinə bağlı olan şəxslər öz komanda yoldaşlarının mövqelərindən fərqli açıqlamalar veriblər. Hətta Nikol Paşinyanın fikirlərinin tamamilə fərqli yöndə təqdim olunmasının da şahidi olmuşuq. Yəni, bu da ümumiyyətlə, müzakirələrlə bağlı real vəziyyətin aydın olmadığını açıq şəkildə göstərir. Digər tərəfdən, yəqin ki, məlumatlar Ermənistan hakimiyyəti daxilində tam şəkildə bölüşdürülmür. Danışıqlar masasında nələrin müzakirə edilib-edilmədiyi barədə fikirlər, ehtimal ki, geniş çərçivədə müzakirə olunmur. Bu baxımdan, ola bilər ki, Ermənistanın ABŞ-dəki səfirinin bu barədə məlumatı yoxdur. Ancaq belə bir məlumatı olmadan onun bu şəkildə məsuliyyətsiz açıqlama verməsi, əlbəttə ki, öz rəhbərliyinə qarşı ciddi məsuliyyət hissi yaradır. Bu da problem yaradacaq bir davranışdır. Yəqin ki, bununla bağlı Ermənistan hakimiyyəti məsələyə aydınlıq gətirəcək. Ancaq bəli, Ermənistanın xarici işlər naziri bu barədə açıqlama verib, həmçinin baş nazir də mövqeyini ifadə edib. Yəqin ki, onların sözünün ABŞ səfirinin sözündən daha etibarlı olduğunu düşünürəm. Ümumiyyətlə, sülh müqaviləsinin imzalanması üçün hazırda texniki məsələlər qalıb, əsas problemlər həll olunub və bununla bağlı razılaşmaların əldə olunmasını biz bildiririk. Yəni, Bakı və İrəvan arasında dialoq intensiv şəkildə davam etdirilir. Həm sərhədlərin delimitasiya və demarkasiyası məsələsi ilə bağlı, həm də sülh müqaviləsinin imzalanması ilə bağlı intensiv işlər gedir. Məsələ, yəqin ki, texniki problemlər həll olunduqdan sonra, çox böyük ehtimalla, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31