Azərbaycan beynəlxalq gərginliyin aradan qaldırılmasına öz töhfəsini verə bilər
20 Dekabr 2024 09:57 SiyasətPrezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində beynəlxalq müstəvidə cərəyan edən siyasi proseslərə, o cümlədən Ermənistan-Azərbaycan arasında müzakirəsi aparılan sülh sazişi barədə qaranlıq məqamlara aydınlıq gətirib. Prezident həmçinin beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini və baş verən proseslərə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Makronu, bütövlükdə Fransa siyasi "elitası"nı, öz təbirincə desək, yaxadan asılan Bayden administrasiyasını, ABŞ Dövlət Departamentinin başında duranları və Avropa Birliyini " çiçəklənən bağ", dünyanın digər hissəsini isə "cəngəllik" adlandıran faşist ünsürü- Jozep Borreli heç vaxt belə sərt dillə tənqid etməmişdi: "Onun "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi intervüdəki həmin açıqlamalar, əslində tənqiddən də çox, haqqında danışılanların Azərbaycana qarşı son 4 ildəki fəaliyyətlərinin, eləcə də dünyada yeritdikləri siyasətin, bizim regionu yenidən qarışdırmaq cəhdlərinin dəqiq qiymətləndirilməsidir və əminəm ki, dövlətinə, millətinə, vətəninə bağlı hər bir soydaşımızın ürəyindəndir. Nikol Paşinyan "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovun cənab İlham Əliyevdən hayların qərblə əməkdaşlığı haqda, eyni zamanda, Azərbaycanın üzvü olmadığı və olmayacağı bir qurumdan-KTMT-dən Ermənistanın çıxıb-çıxmayacağını niyə soruşduğunu yəqin anlamamış deyil. Dövlət başçımızın açağıdakı sözləri isə fikrimcə, rəsmi İrəvan üçün son xəbərdarlıqdır ki, qərbdəkilərin, ilk növbədə də Fransanın Ermənistanı necə silahlandırdığını Azərbaycan diqqətlə izləyir və bu silahlandırma təhlükəsizliyimiz üçün təhdid yaradacaq səviyyəyə çatdığı təqdirdə görüləcək cavab tədbirlərinin qarşısını heç kim ala bilməyəcək.
Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın".
Millət vəkili qeyd edib ki, sözügedən intervüdən bir suala cavabı qısa variantda nəzərdən keçirmək lazımdır: "Ona görə ki, belə çətin suala cavab adətən konkretlikdən uzaq olur. Amma cənab Prezidentin Dmitri Kiselyovun NATO ilə müharibə başlanarsa, Rusiyanın müttəfiqi olaraq Azərbaycanın necə davaranacağı haqda sualına verdiyi cavab təkcə Moskvada deyil, onlarla ölkənin paytaxtında diqqətlə izlənəcək. Cavab bu baxımdan fərqlənir, həm də çox. Niyə fərqləndiyini bilmək üçünsə gətirilən dəlil və açıqlanan faktlara baxmaq kifayət edir:
"Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin. Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, - gərginliyin azaldılması - "detente". Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq".
MCP başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Prezident İlham Əliyev Fransanın Ermənistana verdiyi silahları Azərbaycan üçün təhlükə sayıldığını vurğuladı: "Ermənistanın silahlandırılmasının sülhə açıq təhdid olduğunu açıq şəkildə dedi. Verilən silahlar hücum silahları olaraq birbaşa Azərbaycana qarşı hərbi təcavüzə sövq edirlər. Ermənistanın silahlandırılması regionda yeni eskalasiyaya gətirib çıxara bilər. Prezident İlham Əliyev N. Paşinyanla Kazanda iki təklifin Ermənistan tərəfindən qəbul edildiyini qeyd etdi. N. Paşinyanın son günlər sülh iddialarına prezident İlham Əliyev tutarlı və arqumentli cavab verərək, Ermənistanın sülhdə maraqlı olmadığını ortaya qoydu. Göründüyü kimi İrəvan sülhdən imtina edir. Birinci, "Müstəqillik" Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarını çıxarmır. İkinci, Avropa İttifaqının yarım hərbi mülki missiyasıni sərhəddən geri çəkmir. Halbuki, Kazanda bununla bağlı razılıq əldə olunmuşdu. Üçüncü, Beynəlxalq Məhkəmədə qarşılıqlı olaraq bir-birlərinə qarşı iddialardan geri çəkilir. Ermənistan isə sürətlə silahlanır və masada qalan bəndləri yerinə yetirmir. Amma, sülhdən danışır. Demək olar ki, Fransa İrəvanı sülhdən yayındırır. Ermənistan silahlanib, əlavə şərtlər irəli sürərsə, Azərbaycan tərəfi preventiv addımlar ata bilər. Proseslərə Türkiyənin qoşulması mümkündür. Çünki Türkiyə region ölkəsidir və növbəti eskalasiya Ermənistan üçün ərazi itkilərinə məruz qala bilər. Artıq Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Zəngəzur dəhlizinin açılmayacagını vurğuladı. Fransa və Türkiyə Cənubi Qafqazda toqquşa bilər".
Alim