Müqəddəs bayrağımız Heydər Əliyevin xilaskarlığı ilə qətiyyətlə qorundu- ÖZƏL
12 Dekabr 2024 14:49 Siyasət"Heydər Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizdə həm iqtisadi, həm siyasi, həm də mənəvi-ideoloji baxımdan dövlətçilik ənənələrinin formalaşması kimi tarixə düşdü. Məhz həmin ənənələr Azərbaycanın təməl prinsiplərinə çevrildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Ulu öndərin əsasını qoyduğu və müdrikcəsinə yürütdüyü strateji inkişaf xətti beyəlxalq arenadakı nüfuzumuzun yüksəlməsindən tutmuş, sadə vətəndaşın yüksək rifah halına qədər bütün sahələrdə özünü göstərməyə başladı. Bu mənada ərazi bütövlüyünü təmin etmiş, ən yüksək beynəlxalq tədbirlərə evsahibliyi edən, milli maraqlarını istənilən super dövlət qarşısında qorumaq gücünə malik qüdrətli Azərbaycan birmənalı şəkildə xalqımızın əziz övladı Heydər Əliyevin qurduğu, yaratdığı ölkədir!
Şansımız onda gətirdi ki, xalqımızın dünyanı heyran edən Heydər Əliyev kimi övladı oldu. Ötən əsrin əvvəllərində düşmən güclərin müstəqilliyimizi süquta uğradaraq endirdiyi, əsrin sonlarında yenidən ucaldılan, çox keçmədən enmək təhlükəsinin bir addımlığında olan müqəddəs bayrağımız Heydər Əliyevin xilaskarlığı ilə qətiyyətlə qorundu. Üçrəngli bayrağımız başımızın üzərində azadlığımızı bizə nişan verirmiş kimi əbədi dalğalanmağa başladı".