Əldə olunan bütün iqtisadi nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır- ÖZƏL
12 Dekabr 2024 14:28 Siyasət"Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə əldə olundu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Ulu Öndər 1993-cü ildən Azərbaycana rəhbərlik edəndən sonra iqtisadiyyyatın bütün sahələrində inkişaf qeydə alındı. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya gələndə respublika iqtisadiyyatı tamamilə dağıdılmışdı, xalqın sosial rifahı olduqca aşağı idi. Heydər Əliyevin özünün də qeyd etdiyi kimi, respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı, coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri ağır böhrandan çıxmağa imkan verdi. Təbii ki, iqtisadi islahatlar aparmadan, düzgün idarəetmə sistemini qurmadan bu böhrandan tezliklə çıxmaq mümkün deyildi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdudluğunu nəzərə alan Ulu Öndər xüsusi qeyd edirdi ki, ilkin olaraq ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan verən iqtisadi istiqamətlər inkişaf etdirilməlidir. Aparılan düzgün siyasət Azərbaycanı qısa zaman kəsiyində dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkələrindən birinə çevirdi. Yeni iqtisadi layihələr hazırlandı, xarici investorlar ölkəmizə dəvət edildi, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olundu, neft-qaz kəmərləri çəkildi, o cümlədən Bakı-Tiflis-Ceyhan layihəsinin təməli qoyuldu".