Milli iqtisadi inkişaf strategiyasının uğurları ölkəmizdə dayanıqlı inkişafı təmin etdi- ÖZƏL
12 Dekabr 2024 11:12 Siyasət"Azərbaycanın müstəqilliyinin iqtisadi əsaslarının gücləndirilməsi, xalqın sosial müdafiəsinin təmin edilməsi üçün həyata keçirdiyi çoxşaxəli islahatlar Ulu Öndərin böyük təcrübə, analitik düşüncə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunun təsdiqidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Güclü iqtisadi təməl üzərində qurulan Azərbaycan dövləti məhz Ulu Öndərin uzagörən siyasətinin nəticəsi olaraq müasir ordu yaratdı, Silahlı Qüvvələrimiz yenidən təşkil olundu, ən yeni silahlar alındı. Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğaldan azad etdi. Ümummilli Liderin layiqli davamçısı, cənab İlham Əliyevin məhsuldar fəaliyyəti, cəsarətli siyasəti, iradəli addımları sayəsində Azərbaycan böyük uğurlar qazandı. Milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizdə davamlı və dayanıqlı inkişaf tam təmin edildi".