Suriya dinc Şamsız, Paşinyan şamsız qaldı- ÖZƏL
11 Dekabr 2024 17:37 Siyasət"Uzun sürən Bəşər Əsəd rejimi Suriyada süquta uğrayaraq böyük bir epoxaya nöqtə qoyuldu. Təəssüflər olsun ki, bunun bitməsi yox, gec bitməsi özü ilə dövlət, xalq, millətlər üçün bəla gətirdi, desək, daha düzgün olar. Hər halda Bəşər Əsəd dövləti və xalqı düşünən lider olsa idi, hadisələrin inkişaf tendensiyasını bu cür və bura qədər irəlilətməzdi. Çünki ordunun da Əsəd rejimindən bezdiyi aydın idi. Bizə daha aydın olmalı məsələlər isə Azərbaycanla bağlı olmalı, milli maraqlarımızın lehinə və əleyhinə olan amillər analiz edilməlidir".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bəşər Əsədin 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana dəstəyini pisləyən, Azərbaycan tərəfdə Suriyadan gətirilən döyüşçülərin olduğunu iddia edərək ordumuza ləkə yaxmaq, dövlətimizi isə beynəlxalq arenada təcrid etmək cəhdlərini unutmamışıq. Erməni diasporu vasitəsilə bu məsələlər Ermənistanın informasiya maşınını gücləndirməyə xidmət edirdi. Müharibə zamanı informasiya savaşımızın bütün detalları kimi belə əsassız iddialar, təzyiqlər də bizə ağrı verirdi. Əsədin devrilməsinin sancıları isə bu dəfə Ermənistanın qarnına dolub. Ermənistan-Suriya münasibətlərinin sıxlığı Türkiyə-Suriya münasibətlərinin gərginlik dərinliyində eşələnərək özünə dəstək axtarması, erməni diasporunun "soyqırımı" aktual tutması fonunda alovlanırdı. Lakin bu gün Suriyanın ərazi bütövlüyünün saxlanılmasının mühüm olduğu qədər, bunun üçün prioritet məsələlərdən biri kimi Türkiyənin Suriyanın dinc inkişafına verəcəyi töhfələrdir.
Ermənistan-Suriya, hər iki dövlət terroru dövlət siyasəti səviyyəsinə qaldırmışdılar. Ermənistan hərbçilərinin minatəmizləmə donu geyindirilərək Hələbdə xidməti, əslində, Əsədə olan dəstək idi. Kəşmir məsələsində Pakistana deyil, Hindistana göstərilən dəstək kimi Əsədin ümumiyyətlə siyasətində Azərbaycan əks cəbhədə dayanırdı. Bu münasibət İƏT çərçivəsində də aydın görünürdü. Suriya Respublikasının milli bayramları, Əsədin prezident seçilməsi ilə əlaqədar Nikol Paşinyanın ona coşqulu təbriklərinin kontentləri də "əsrlərin dərinliklərindən gələn və tarixi sınaqlarla möhkəmlənən Ermənistan-Suriya dostluğuna" işıq tuturdu. Ermənistana dərin hüznlə başsağlığı veririk ki, Şamın alovlara qərq olmasının istisi, işığı yox, zülməti Ermənistanda da əks olunacaq. Suriya dinc Şamsız, Ermənistan, Paşinyan isə Yaxın Şərqdən gələcək daha bir dəstək baxımından şamsız qaldı. Özü də bu son dərəcə ziddiyyətli olsa da açıq-aşkar anti-Qərb siyasəti yürüdən Əsədlə, Qərbin əli ilə kürsüyə əyləşdirilən Paşinyanın arasında idi. Əsədin qaçışı Yaxın Şərq regionunu, dünyanı silkələmədi, itirilən dəstək baxımından Paşinyanın da canına vəlvələ saldı".
Zeynəb Rzayeva