İrəvan xanlığının varisi Bakıdakı "Sərdar Sandıq Ocağı"nda
11 Dekabr 2024 17:24 SiyasətÖlkəmizdə səfərdə olan İrəvan xanlığının varisi Əmir Əli Sərdari İrəvani bu ərəfədə Qərbi Azərbaycana qayıdış hüquqları, Qərbi Azərbaycan həqiqətləri mövzuları ilə bağlı bir sıra tədbirlərə qatılmış, dövlət qurumları, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlər keçirmişdir. Dünən axşam isə o, Bakının Novxanı qəsəbəsində yerləşən "Sərdar Sandıq Ocağı" -nı ziyarət etmişdir. Görüş zamanı İrəvan xanlığının varisi dünyada yeganə sayılan sandıq evinin 3 yaşının tamam olması münasibətilə bu mədəniyyət ocağını yaradan Sərdarlı ailəsini təbrik etmiş, bildirmişdi ki, üç il ərzində buradakı əsərlərin, əl işlərinin bəziləri ilə sosial şəbəkələr, media, müxtəlif televiziya verilişləri vasitəsilə tanış olduqca onları çox bəyənmişdi, amma bu cür məkanda onlarla canlı təmasda olarkən gördükləri onu daha çox heyran etdi. "İndi mən burda əsil şedevrlərin əhatəsində gəzərkən özümü sanki Böyük Şərq dünyasının nadir memarlıq incilərindən sayılmış İrəvandakı Sərdar Xan Sarayındakı kimi hiss edirəm. O möhtəşəm sarayı füsunkar edən naxışların bəzəklərin gözəl izini əsərlərinizdə görürəm. Bu əsil fantastikadır, dostlar. Qətiyyən şübhə etmirəm ki, bu məkanın xüsusi tərtibatını, bu sehrli divarların arasındakı ecazkar sənət əsərlərini yaratmaq üçün böyük sevgi, öz işinə rəğbət, əsil fədakarlıq və çoxlu zəhmət sərgiləmisiniz. Bu möhtəşəm nəticə münasibətilə mən siz sənətkarları da,elə özümü də ürəkdən təbrik edir, şanlı tariximizi, onun çox zəngin mədəni irsini bu divarlar arasında yaşatmagınıza görə sizə çox sağ ol deyirəm. Ölkənizdən kənarda Qərbi Azərbaycan mədəniyyət mirasımızın uğurla təbliğ etməyinizlə bağlı məlumatları da hər zaman sevinclə qarşılayıram. Amma mən hesab edirəm ki, bu cür əsərlər dünyada daha geniş şəkildə, müctəlif format və platformalarda geniş təbliğ edilməli, tanıdılmalıdır. Bu Qərbi Azərbaycana Qayıdış fəlsəfəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi işinə böyük fayda və töhvə verərdi. Mən də öz adımdan söz verirəm ki, bu istiqamətdə əlimdən gəlni edəcəyəm" Görüşdə iştirak edən tanınmış İrəvan ziyalısı, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizəzadə də Sərdarlı ailəsinin yaradıcılığını,onların təmsil etdiyi Qeyri Hökumət Təşkilatının da fəaliyyətini yaxından izlədiyini,burda gördüklərindən,xanlar nəsillərinin davamçılarının məhz bu məkanda bir araya gəlməsinin şahidi və səbəbkarı olmasından çox məmnun olduğunu bildirdi.İradə Rizəzadə də öz növbəsində hər zaman Sərdarlı ailəsinin yanında olacagını,göstərə biləcəkləri dəstəyi əsirgəməyəcəklərini bildirdi. Ailə başçısı tanınmış araşdırmaçı dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı bu günü həm ailəsi, həm də hazırda məşgul olduqları sənət üçün tarixi bir hesab etdiyini bildirdi. Daha sonra o, dünya Azərbaycanlılarını, eləcə də bütövlükdə Türk dünyasını müqəddəs zəfərə daşımağı bacaran ölkə başçımız, hörmətli Prezidentimiz İlham Əliyevin memarı olduğu Qərbi Azərbaycana Qayıdış siyasətinin təntənəsini, bəhrəsini artıq bu anlarda bu məkanda yaşamaqdadır. Qayıdış ən əvvəl düşüncələrdə, zehniyyətlərdə formalaşmalı, modelləşməlidi. Təsəvvür edirsinizmi, iki yüz il əvvəl Əmir Əli qardaşımla mənim əcdadlarım İrəvandakı evlərində bir birilərinə qonaq olardılar... Biz isə 4-5 il əvvəl heç bir birimizi nəyinki tanımır, nə cür var olmağımızın davfərqində deyildik.. Amma, indi biz burda, bir yerdəyik. Bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, indi bizi bir araya gətirən yalnız damarlarımızdan acan qanın eyni kökə bağlı olması deyil. Bizi bir araya gətirən Qərbi Azərbaycana Qayıdış adlı evin inşası, gözəl bir yurda gücümüzə güc qatmaqla qovuşmaq amacıdır. Əmir Əli qardaşım bu istiqamətdə indiyədək öz araşdırmaları, tədqiqatları, çox mühüm sənədlərin tapılıb ortalığa çıxarılması və s. İşlərlə bağlı çox faydalı və əhəmiyyətli nəticələr əldə edib. Biz də mədəniyyət sahəsində yaradıcılıq potensialımız və digər imkanlarımız sayəsində bacardıqlarımızı bundan sonra sevə sevə edəcəyik.