Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına uyğun olmayan hadisədir - ÖZƏL

"Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına qəti şəkildə uyğun olmayan hadisədir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Çünki Ermənistanın maraqları Əsədlə yaxşı münasibətlərdə və ümumiyyətlə əməkdaşlıq içində olmaqda idi. Ona görə ki, Əsəd Yaxın Şərqdə Ermənistanın mühüm müttəfiqlərindən biri idi. Baxmayaraq ki, Ermənistan Qərb ölkələri ilə yaxınlaşmağa, əməkdaşlığa çalışırdı, amma eyni zamanda, Yaxın və Orta Şərqdəki antiqərbçi qüvvələrlə də həmişə yaxşı münasibətlərdə olub və yaxşılaşdırmağa çalışıb. O cümlədən də, İran və Suriya ilə sıx əməkdaşlıq içində olub. 
Vətəndaş müharibəsinin yeni-yeni bitdiyi, müvəqqəti atəşkəs elan olunan vaxtlarda Suriyada minatəmizləmə və sülhyaratma adı altında Ermənistanın da bir batalyonu fəaliyyət göstərib. Əslində bu batalyon mina axtarışı işi ilə məşğul olmaq adı altında Bəşər Əsəd rejiminə hərbi dəstək verməklə məşğul olub. 
Bundan başqa, Suriyada Ermənistanla bağlı olan erməni terror təşkilatları Suriya ilə sıx əməkdaşlıq içində olublar. Hətta ermənilərdən ibarət bir terror təşkilatı məhz Suriyanın içərisində fəaliyyət göstərib. Buna görə də qəribədir ki, Suriyanı terroru dəstəkləyən ölkələr sırasına salsalar da,  nədənsə Amerika və digər Qərb ölkələri Ermənistanı terroru dəstəkləyən dövlətlər sırasına salmayıblar. 
Bir sözlə, Bəşər Əsədlə   Ermənistan sıx əməkdaşlıq içərisində idi və Ermənistan lobbiçiliyinin  təsiri nəticəsində Suriya Azərbaycanın düşmənləri ilə həmişə yaxşı münasibətlərdə olub. Hindistan, İran və digər ölkələrlə, eləcə də bəzi Qərb ölkələri beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə  qətnamələrin çıxarılmasında, Azərbaycanın təşəbbüsü ilə Ermənistanın əleyhinə müzakirə olunan məsələlərdə həmişə Suriya Ermənistanın tərəfini saxlayıb. Beləliklə, Bəşər Əsəd rejiminin süqutu əslində Ermənistanın beynəlxalq arenada bir müttəfiqini itirməsi anlamına gəldi. Buna görə bu gün Ermənistanda böyük narahatlıqlar var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31