Türkiyənin manevr imkanları daha da genişlənə bilər-Azərbaycan Suriyadakı proseslərə daxil olarsa

Alim Hüseynli

Bəşər Əsəd rejiminin devrilməsi bəzi region ölkələrinin  maraq dairəsində idi. Məhz bu səbəbdən də Suriyada hakimiyyət çevrilişini bir sıra səbəblərlə xarakterizə etmək olar. Əvvəla qeyd edək ki, hazırda beynəlxalq geosiyasi vəziyyət heç də ürəkaçan deyil. Kremlin başının Rusiya-Ukrayna müharibəsinə qarışması, İranda sosial iqtisadi vəziyyətin pisləşməsi fövqündə İsrail ilə gərginliyin davam etməsi, İsrailin Əsədə dəstək verən "Hizbullah"ı  zəiflətməsi, ABŞ-də Co Bayden hakimiyyətinin sonlanması və Donald Trampın hakimiyyətə gəlişi Suriyada proseslərin ertələnməsinə rəvac verdi. Əsas məsələ ondan ibarətdir ki, Əsəd Rusiya və İrana arxayın olaraq hakimiyyətini qoruyacağını düşünürdü, lakin dəyişən geosiyasi şərtləri düzgün analiz etmədi və Türkiyənin artan təsirini lazımınca qiymətləndirmədi. Beləliklə, Bəşər Əsəd xarici siyasətdə ciddi səhvlərə yol verdi ki, bunlardan biri də Türkiyə ilə əlaqələrin düzgün qurulmaması idi. Əsəd son anda İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib, lakin Bağdad buna cavab verməyib. İranın vasitəçiliyi də işə yaramadı. Halbuki Türkiyə Prezidenti R.T.Ərdoğan dəfələrlə Suriya ilə birbaşa danışıqlara hazır olduqlarını bildirsə də, müsbət cavab almamışdı. Vaxtında bu danışıqlar olsaydı, Əsəd bəlkə də Ankara ilə anlaşa bilərdi. Bütün sadalananlara baxmayaraq Əsəd hakimiyyəti tarixə qovuşdu, hazırda gündəmdə Suriyada hakimiyyətin formalaşdırılması məsələsi durur. Təbii ki, Bəşər Əsədin devrilməsində maraqlı olan dairələr indi də yeni hakimiyyətin formalaşdırılmasında iddialarını ortaya qoyacaqlar.  
Bu arada Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışıqlarını təsadüfi hesab etmək olmaz. Məlumata görə, prezident İlham Əliyev telefon söhbətində Azərbaycanın Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəyini və humanitar dəstək verəcəyini bildirib. Xatırladaq ki, Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi iki ölkə arasında imzalanmış strateji müttəfiqlik sazişinə uyğundur. Bu dəstək həm də iki qardaş ölkənin xarici siyasətinin prioritetini təşkil edir. Eyni zamanda, ərəb dünyası ilə münasibətlərin yaxınlaşması baxımından rəsmi Bakının maraqlarına cavab verir. Belə ki, Azərbaycan bununla İraq türkmanları ilə əlaqələrin qurulmasının davamı olaraq   Suriyadakı türkmanlarla da daha sıx əlaqələr yarada bilər. Beləliklə, Azərbaycan Yaxın Şərqə təsir imkanlarını genişləndirə, bölgədə cərəyan edən proseslərə təsir imkanını artıra bilər. Azərbaycanın Suriyada təsir imkanlarının artması həm də bu ölkədə marağı olan ABŞ, İsrail, İran, Rusiya kimi dğvlətlərlə münasibətlərdə diplomatik manevr imkanları qazandırır. Bu isə öz növbəsində Suriyada Türkiyənin əlavə güc mənbəyi rolunu oynaya bilər. 
Proseslərin gedişi deməyə əsas verir ki, Suriyada yeni hakimiyyətin formalaşması uğrunda həm daxili, həm də xarici qüvvələr sərt mübarizəyə başlayacaqlar. Gözlənilən mübarizə Suriyanın bölünməsi məsləsini gündəmə gətirə bilər. Yox, əgər yeni hakimiyyətin formalaşdırılması reallaşsa, türkmanların orada təmsil olunması şərt kimi ortaya çıxa bilər. Elə bu baxımdan da Türkiyə Azərbaycanın timsalında öz müttəfiqini prosesə daxil etməkdə maraqlı görünür. Azərbaycanın proseslərə daxil olması Türkiyənin manevr imkanlarını daha da genişləndirə bilər. Odur ki, hazırda proseslərin gedişi Türkiyənin atacağı növbəti addımlardan asılı olacaq. Nəzərə alaq ki, ortada kürd, miqrantlar, yeni iqtidarla anlaşma, Suriyada milli birlik hökumətinin yaradılması, ölkənin ərazi bütövlüyünün saxlanması kimi məsələləri həllini gözləyir. Türkiyənin tətbiq edəcəyi nəzarət mexanizmi Suriyada proseslərin dinc inkişafına töhfə verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31