Azərbaycanın müəllifi olduğu enerji layihələri dünya dövlətlərinin inkişafını təmin edir- ÖZƏL
11 Dekabr 2024 14:31 Siyasət"Ölkəmizdə yaradılan sabitlik, normal biznes mühiti iqtisadi tərəqqiyə geniş yol açdı. Azərbaycanın müəllifi olduğu enerji layihələri həm iştirakçı, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafını təmin edir". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Dahi şəxsiyyət Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. Neft gəlirlərinin səmərəli istifadəsini həyata keçirmək üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadi müstəqilliyimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində də öz sözünü deyir. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etdirilir. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi".