Suriya hər zaman Ermənistanın mövqeyini dəstəkləyib- ÖZƏL

"Suriya -Ermənistan münasibətlərinin kökü təxminən yüz il öncəyə dayanmaqdadır. Belə ki, Birinci Dünya müharibəsindən sonra Osmanlı torpaqları olan Suriya əraziləri Fransanın müstəmləkəçiliyinə verildi. Fransa burada uzun müddət müstəmləkə idarəçiliyi ilə məşğul oldu. Nəzərə alaq ki, Fransanın Suriyadakı müstəmləkəçiliyi və orada Osmanlı dönəmindən yaşayan erməni icmasının olması və Fransanın ermənilərlə əlaqəsi məhz Suriya- Ermənistan arasında əlaqələrin inkişafına da böyük təsir edib". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki Fransa həm Suriyanı, həm də Ermənistanı Türkiyəyə qarşı istifadə etməyə çalışıb. Suriyada yaşayan erməni icması Suriyanın ictimai həyatında ciddi rol oynadığına və xarici qüvvələr - Fransa, Rusiya, ABŞ tərəfindən dəstəkləndiyindən onlar Suriyanın ictimai-siyasi həyatında kifayət qədər aktiv rol oynayırlar. Sovetlər dönəmində o zamankı müttəfiq adlandırılan digər respublikaların xaricə  çıxışları olmadığı halda Ermənistan Suriya və Livanda birbaşa əlaqələrə malik idi. Beyrut və Dəməşqlə İrəvan arasında birbaşa aviareyslər fəaliyyət göstərirdi. Sovetlər dönəmində 1948-1952-ci illərdə Qərbi Azərbaycandan 150 minə yaxın azərbaycanlının öz yerlərindən çıxarılaraq deportasiya edilməsi və əvəzində Suriyadan gətirilən ermənilərin yerləşdirilməsi  bu əlaqələrin həm də hansı səviyyədə olduğunu göstərməkdədir. Bununla da hələ o zamanlar Ermənistanda əhalinin etnik tərkibinin dəyişməsi nəzərdə tutulurdu. Azərbaycan Ermənistan arasında 1988-ci ildə başlanan münaqişə zamanı Suriya və Livan ərazilərindən gətirilən erməni və digər hazırlanmış terrorçu qruplaşmaları aktiv iştirak ediblər. Suriya hər zaman Ermənistanın mövqeyini dəstəkləyib, ona hərbi yardımlar edib. Bunun  həm Hafiz Əsəd, həm də Bəşər Əsədin hakimiyyəti dönəmində şahidi olmuşuq. Qeyd etdiyimiz kimi Suriya ərazisində Qarabağda döyüşə göndərilmək üçün xüsusi terror qruplarının hazırlanması üçün şərait də yaradılmışdı. Suriyadan hələ o zamandan başlayaraq Ermənistana təyyarələrlə silah-sursat daşınırdı. Eyni prosesi biz 44 günlük savaş dönəmində də müşahidə etdik. Suriya ərazisindən müxtəlif muzdlu terrorçu qruplaşmaların Ermənistana göndərilməsi ilə bağlı xeyli sayda məlumatlar vardı. Bundan başqa 2018-ci ildə hakimiyyətə gələn Paşinyan hökuməti də qərbyönlü olsa da, Bəşər Əsəd hakimiyyəti ilə əlaqələr davam etdirilir. Bu əlaqələr həm də qarşılıqlı xarakter daşıyıb. Ermənistan ordusunun bölmələri Rusiya ordusunun tərkibində Suriyada fəaliyyətdə olub. Son dövrlərə qədər bu da davam edib. Devrilmiş diktator Bəşər Əsəd də hər zaman Ermənistanın mövqeyini dəstəklədiyini ifadə edib. Ermənistan da məhz Suriyanın erməni icmasının və Suriya dövlətinin dəstəyini arxasında hiss edib. Ermənistan siyasi-ictimai həyatında da Suriya ermənilərinin çox ciddi rolu var. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan, o cümlədən Koçaryan dövründə xarici işlər naziri olmuş Vardan Oskanyan da Suriya əsilli ermənilərdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31