Ekspert: Əsəd rejiminin süqutu Cənubi Qafqazdakı balansı dəyişə bilər – ÖZƏL
11 Dekabr 2024 10:22 SiyasətBəşər Əsəd rejiminin çökməsi və devrilməsi Cənubi Qafqazdakı geopolitik proseslərə birbaşa təsir göstərə bilər.

Bu barədə Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli danışıb. Ekspertin sözlərinə görə, Suriyadakı hadisələr nəticəsində həm Rusiya, həm də İran ciddi sarsıntılar yaşayıb:
"Rusiyanın Yaxın Şərqə təsir imkanları tamamilə sona çatıb. Əsəd rejimini dəstəkləyən İranın da bölgədəki əsas təsir mexanizmlərindən biri sıradan çıxarılıb. İran artıq Yaxın Şərqdə manevr imkanları məhdudlaşdırılmış bir ölkəyə çevrilib. Yaxın Şərqdə baş verənlər, xüsusən Suriyadakı proseslər Rusiya və İranı zəiflədərək onları öz sərhədləri daxilində daha çox qapanmağa məcbur edir. Bu zəifləmə isə Cənubi Qafqazdakı geopolitik proseslərə birbaşa təsir edir".
Elçin Xalidbəyli bildirib ki, Rusiya və İranın geopolitik mövqelərinin zəifləməsi bölgədəki Türkiyə-Azərbaycan ittifaqının güclənməsinə şərait yaradır:
"Rusiya və İran Cənubi Qafqazda təsir imkanlarını itirmək üzrədir. Bu, Türkiyə və Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxara bilər. Bu vəziyyət İrəvanı ciddi narahat edir. Çünki rəsmi İrəvan başa düşür ki, Türkiyə-Azərbaycan ittifaqı bölgədə hegemonluğunu tətbiq edərsə, Ermənistan həm Azərbaycandan, həm də Türkiyədən tam asılı vəziyyətə düşə bilər. Bu halda Ermənistanın gələcək taleyi Türk İttifaqı tərəfindən müəyyən ediləcək".
Ekspert əlavə edib ki, Ermənistan siyasi dairələri artıq bu reallığı qəbul etməyə başlayıb:
"Ermənistanın gələcək taleyi birmənalı şəkildə həm Türkiyədən, həm də Azərbaycandan asılı olacaq. Böyük ehtimalla yaxın gələcəkdə Ermənistan hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyə və Azərbaycanın siyasi iradəsinə uyğun şəkildə xarici siyasət yürütmək məcburiyyətində qalacaq".
Qiymət Mahir