Ekspert: Ermənistan Yaxın Şərqdəki əsas müttəfiqini itirdi – ÖZƏL

Ermənistan və Suriyadakı Bəşər Əsəd rejimi arasında illərdir davam edən əlaqələr Bəşər Əsəd hakimiyyətinin bitməsi ilə ciddi sarsıntı yaşayıb. 

Bu barədə Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev danışıb. Ekspertin sözlərinə görə, Ermənistanın Suriyadakı Əsəd rejimi ilə qurduğu əlaqələr daha çox Türkiyəyə qarşı yönəlmiş strategiyanın tərkib hissəsi olub:

"Suriyada 2011-ci ildə üsyan başladıqdan sonra Əsəd rejiminin Türkiyəyə qarşı sərt mövqe tutması Ermənistana geniş imkanlar yaratdı. Həmin dövrdə Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan hökuməti bu fürsətdən istifadə edərək, Əsəd rejimi ilə sıx münasibətlər qurdu. Bu əlaqələrin məqsədi yalnız Türkiyəyə qarşı müttəfiqlik deyil, həm də Suriyada yaşayan erməni icmasının vasitəsilə Ermənistanın iqtisadi və siyasi maraqlarını gücləndirmək idi".

Zeynal Əmrəliyev qeyd edib ki, Ermənistanın Suriyada əsas dayağı Hələb şəhərindəki erməni icması olub:

"Hələb şəhərində yaşayan böyük erməni icması Ermənistanın bu əlaqələrində mühüm rol oynayırdı. Sarkisyan hökuməti həm siyasi, həm də iqtisadi mənfəət üçün bu icmadan fəal şəkildə istifadə edirdi. Hələbdən Ermənistana köçən ermənilər həm biznes elitasında, həm də siyasi dairələrdə xüsusi yer tuturdular. Eyni zamanda, bu əlaqələr diaspor fəaliyyətini genişləndirmək və Qarabağda qanunsuz məskunlaşma siyasətini həyata keçirmək üçün də istifadə olunurdu. Qarabağa köçürülən ermənilərin bir çoxu məhz Suriyadan gətirilmişdi".

Ekspert bildirib ki, Bəşər Əsəd rejiminin devrilməsi Ermənistan üçün ciddi itki olacaq:

"Bəşər Əsədin hakimiyyətdən devrilməsi Ermənistanın Yaxın Şərqdəki əsas müttəfiqinin itirilməsi deməkdir. Bu, eyni zamanda, Ermənistanın bölgədə manevr imkanlarına böyük zərbədir. Əsəd rejimi vasitəsilə Ermənistan həm iqtisadi, həm də siyasi mövqelərini gücləndirirdi. Lakin indi bu əlaqələrin kəsilməsi Yaxın Şərqdə Ermənistanın təsir dairəsini demək olar ki, tamamilə məhdudlaşdıracaq".

Zeynal Əmrəliyev əlavə edib ki, Əsəd rejiminin devrilməsi Ermənistanın Yaxın Şərqdə mövcudluğunu çətinləşdirəcək və bu proses bölgədə geopolitik balansın dəyişməsinə səbəb olacaq.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31