Bu, Türkiyənin əleyhinə qurulmuş bir fəaliyyət idi...- ÖZƏL
11 Dekabr 2024 09:56 Siyasət"Bəllidir ki, Suriya ilə Ermənistan arasındakı əlaqələr həmişə dırnaqarası yüksək səviyyədə olub. Həm Paşinyandan əvvəlki xuntanın, həm də Paşinyanın dövründə bu əlaqələr yüksək səviyyədə də davam edibdir".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Ermənistan özəlliklə indiki sorosçu hakimiyyəti fonunda dünyanı müxtəlif vədlər və mesajlarla aldatmağa çalışsa da, reallıqda bir sıra rejimlərlə əməkdaşlığı davam etdirib. Suriyada minatəmizləmə fəaliyyəti adı altında Ermənistan hərbçilərinin xidmətinin üzərini örtməyə çalışmaq və bunu maskalamaq da növbəti ədalətsizlik, qeyri-obyektivlik və ikiüzlülük nümayişindən başqa bir şey deyil. Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək layihələrinə cəlb olunub. Suriyadakı erməni icmasından bir diaspora təşkilatı kimi Ermənistan yararlanmağa çalışırdı. Həmçinin Ermənistan Türkiyənin yaxın qonşusu olan bir ölkəyə dəstək göstərməklə gələcəkdə hansısa məqsədləri üçün ondan istifadə etməyə çalışıb. Bugünkü gün Suriyada Bəşər Əsəd rejiminin yıxılmasından təəssüflənənlər arasında Ermənistan xüsusi yer alır. Həmçinin Suriyada erməni kartının olması, Ermənistan dövlətinin Suriyada hansısa fəaliyyət adı altında maskalanaraq mövcud olması elə Türkiyənin əleyhinə qurulmuş bir fəaliyyət idi. Ermənistan bir dövlət olaraq hansı çəkiyə malikdir ki, onun hərbçilərindən də minatəmizləmə fəaliyyətində istifadə olunsun?"
Zeynəb Rzayeva