Suriya qlobal enerji oyununda əsas regionlardan biridir- ÖZƏL
10 Dekabr 2024 12:48 Siyasət"Bütün dünyanın diqqəti Notr-Dam kilsəsində olan vaxtı Suriyadan sürətli xəbərlər aldıq. Silahlı qruplaşmalar birdən-birə fəallaşaraq şəhərləri bir-birinin ardınca ələ keçirdilər. Bu, dönüş nöqtəsi oldu - Bəşər Əsədi ölkəni tərk etməyə və tələsik Moskvaya sığınmağa məcbur etdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Məlum məsələ idi ki, Yaxın Şərqdə və Aralıq dənizi ətrafında ciddi dəyişikliklərin davam etməsi fonunda Suriya hadisələrdən kənarda qala bilməzdi. Bölgədə İsrailin silahlı qruplarla və İranla effektiv mübarizə apardığı bir vaxtda Suriya məsələsi fərqli cəbhələrdə yer alan beynəlxalq və regional aktorlar üçün fürsət olmalı idi. Suriya Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, İran kimi dövlətlərin təhlükəsizliyi məsələsidir. Kim daha çevik tərpənsəydi, payı o alacaqdı".
Onun bildirdiyinə görə, Suriya uzun müddətdir ki, qlobal enerji oyununda əsas regionlardan biridir: "Hələ 2009-cu ildə Qətər onun vasitəsilə Avropanın Rusiya qazından asılılığını sarsıdacaq qaz kəməri çəkməyi təklif etmişdi. Lakin, Rusiya və İran bunu etməyə Əsədə imkan verməzdilər və vermədilər də. Əsədin Qətər qazından imtinası vətəndaş müharibəsinin başlanğıcı oldu.
Sonra da Rusiya və İran vəziyyəti ələ aldılar və Əsədi qorumağı bacardılar.
Lakin, indi nə Rusiya, nə də İran o vəziyyətdə deyillər. Bu ilin son günü Ukrayna vasitəsilə Avropaya nəql olunan qaz müqaviləsinin vaxtı bitir".