Azad edilən ərazilərdə yeni rabitə infrastrukturu qurulur- ÖZƏL

"Bu gün azad edilmiş torpaqlarımızda rabitə və informasiya texnologiyaları sahəsinin fəaliyyəti daha xüsusi əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Qarabağ və Şərqi Zəngəzur bölgələrində müasir rabitə və informasiya texnologiyalarının bərpası və inkişafı istiqamətində irəliləyişlər sürətlə davam edir. Azad edilən ərazilərdə yeni rabitə infrastrukturunun qurulması, yüksək sürətli internet bağlantılarının təmin edilməsi və rəqəmsal xidmətlərin inkişaf etdirilməsi məqsədilə mühüm addımlar atılmaqdadır. Bu yeniliklər, həmçinin ölkəmizin ümumi inkişafına, dünya iqtisadiyyatı ilə inteqrasiyasına və rəqəmsal dövrə uyğunlaşmasına müsbət təsir göstərəcəkdir.
Rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hər kəsə bu sahənin inkişafına verdikləri töhfələrə görə təşəkkür edir, onlara uğurlar, yeni nailiyyətlər arzulayırıq. Bu sahənin gələcək inkişafı ölkəmizin və regionun daha güclü və müasir olmasına xidmət edəcəkdir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamına əsasən, 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu sahə, dünyanın ən sürətlə inkişaf edən istiqamətlərindən biri olmaqla, ölkəmizdə də dövlət qayğısı ilə dəstəklənir və strateji prioritetlər arasında yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31