Prezident Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib- ÖZƏL
6 Dekabr 2024 11:43 Siyasət"Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə, xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir.
Cənab İlham Əliyevin dekabrın 5-də keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciəti, Azərbaycanın Qərbi Azərbaycana qayıdış hüququna beynəlxalq ictimaiyyət tərəfindən ədalətli yanaşılmasını təmin etmək məqsədi daşıyır. Dövlət başçısı müraciətində, Ermənistan tərəfindən etnik təmizləmə və zorla deportasiya edilən azərbaycanlıların hüquqlarının müdafiəsi və tarixi ədalətin bərpası məsələsini vurğulamışdır".