Azərbaycan xalqının ağır taleyinə verilən ən layiqli qiymətlərdən biri - ÖZƏL
5 Dekabr 2024 19:07 Siyasət"Azərbaycan Prezidentinin bütün çıxışları və müraciətlərində olduğu kimi, "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransında da önəmli məqamlara toxunması diqqəti cəlb edir".
Bunu Olaylar.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Prezident İlham Əliyevin müraciəti azərbaycanlıların ən önəmli məsələlərindən biri olan Qərbi Azərbaycan məsələsi, Qərbi azərbaycanlıların öz doğma yurdlarına dinc və ləyaqətli şəkildə qayıtması ilə bağlı məsələlər haqqında konseptual məqamları özündə əks etdirən bir müraciətdir. Bu müraciət və burada əks olunan məsələlər İlham Əliyevin bu mövzuda nə qədər prinsipial olduğunun, Azərbaycan dövlətinin, Qərbi azərbaycanlıların və Azərbaycan xalqının önəmli məsələsinə birbaşa münasibətinin, Ermənistandan zorla çıxarılan azərbaycanlılara ədalətin tələb edilməsinin, həmin bu hadisəni törətmiş ermənilərin və Ermənistanın bu məsələdə günahkar rolunun qabarıq şəkildə göstərilməsinin göstəricisidir. Bu müraciət, hesab edirəm ki, Azərbaycan xalqının ağır taleyinə, başına gələn hadisələr və faciəvi hadisəyə verilən ən layiqli qiymətlərdən biridir.
Azərbaycan Prezidentinin bu məsələlərə yanaşması bizləri sevindirməyə bilməz. Çünki bu məsələ xalqımıza qarşı törədilmiş ən ədalətsiz hadisələrdən biridir. Dədə-baba torpağından didərgin salınmış Azərbaycan xalqına ədalət istəyən prezidentin haqq səsidir, dünyaya bizim müraciətimizdir, bizim mədəni abidələrimizi, tarixi abidələrimizi dağıdan vandallara qarşı, ermənilərə qarşı, onları müdafiə edənlərə qarşı haqq səsimizin ucaldılmasıdır. Prezident bütün bu məsələləri, bütün bu ədalətsizlikləri öz adı ilə çağırmış oldu, cəsarətlə bu məsələləri dilə gətirdi. Yəni ermənilər, Ermənistan zənn etməsin ki, biz bu məsələlərlə barışacağıq, barışmışıq. Prezidentin bu müraciəti göstərdi ki, biz bu ədalətsizliklərlə barışmayacağıq. Qərbi Azərbaycan mövzusu Azərbaycan dövləti üçün, onun rəhbəri üçün bir nömrəli məsələlərdən biridir və biz hesab edirik ki, bu müraciətdə Qərbi Azərbaycana qayıdış konsepsiyasına əsaslanan təşəbbüslərin qeyd olunması və Ermənistan icmasının Qərbi Azərbaycan icması ilə danışıqlara başlaması ilə bağlı çağırış edilməsi çox önəmli məsələdir. Burada UNESCO-ya çağırış olunur ki, onlar bizim mədəni abidələrimizə qarşı olan vandalizmlə bağlı məsələləri gündəmdə saxlamalıdır.
Bütövlükdə prezidentin bu müraciəti çox önəmlidir. Hesab edirəm ki, xalqımızın ən ağır problemlərinin yüksək tribunalarda dilə gətirilməsi istiqamətində önəmli çağırışlardan biridir".