Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsi mürəkkəbdir: Səbəblər – ÖZƏL
5 Dekabr 2024 18:03 Siyasət"Gürcüstanın Qərbə doğru inteqrasiya siyasəti Mixail Saakaşvilinin prezidentliyi dövründə əsası qoyulmuş məsələ idi ki, Gürcüstan NATO və Avropa İttifaqına üzv olsun. Rusiya ilə münasibətlərin pisləşməsinin əsas səbəbləri də məhz bunlar idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Aİ bu istiqamətdə nə qədər Gürcüstanla danışıqlar aparsa, müsbət mesajlar versə də, Gürcüstanın indiki vəziyyətdə Avropa İttifaqına üzvlük məsələsi bir qədər mürəkkəbdir. Nəyə görə? Birinci növbədə Gürcüstanın ərazi bütövlüyü təmin olunmayıb, Abxaziya və Cənubi Osetiya məsələləri var. Gürcüstan ərazisində separatçı bölgələr var. İkinci məsələ Gürcüstanın Rusiya ilə münasibətləridir. Rusiya ilə münasibətləri çox gərgindir və Avropa İttifaqındakı bir çox üzv ölkələr Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət edirlər. Üçüncü məsələ isə Gürcüstanın geriliyidir. Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün iqtisadi cəhətdən nisbətən zəif ölkədir. Gərək islahatlar keçirilsin və Avropa İttifaqı külli miqdarda maliyyə qaynaqlarını özündə ehtiva edən dəstək paketləri ayırsın ki, Gürcüstan özünə gəlsin, iqtisadi cəhətdən dirçəlsin. Bundan sonra Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsinə baxıla bilər. Bu, uzunmüddətli bir prosesdir. Hal-hazırda bu istiqamətdə addımların atılmasına şahidi olmuruq. Sadəcə olaraq Avropa İttifaqı müəyyən açıqlamalar verir və xarici təsirlərdən mühafizə adı altında qanunun qəbul olunması Avropa İttifaqı, ümumilikdə Qərblə Gürcüstanın münasibətlərini pisləşdirdi. İndiki məqamda yenidən əlaqələrin inkişafı yalnız o halda mümkün ola bilər ki, Gürcüstanda hakimiyyət dəyişikliyi prosesi baş tutsun. Yəqin ki, bu aksiyaların sonunda vəziyyətin düzəldilməsi istiqamətində hansısa addımların atılmasının şahidi olacağıq. Çünki gürcü hökuməti də artıq müəyyən qədər geri addım atmaq niyyətindədir. İndiki məqamda özləri də başa düşürlər ki, 2028-ci ilə qədər bu prosesi dondurmaq yaxşı variant idi. Sadəcə olaraq baş nazirin bu açıqlamanı verməsi müəyyən mənada problemlər yarada bilərdi və yaratdı da. Nəzərə almalıyıq ki, Ukraynada Viktor Yanukoviçin devrilməsinin əsas səbəbi məhz Avropa İttifaqı ilə assosiativ sazişi bağlamaqdan imtina etməsi olmuşdu. İndiki məqamda Avropa İttifaqına üzvlük məsələsinin dondurulması açıqlaması da bu problemin meydana gəlməsinə səbəb oldu. Aksiyalar davam edir və müəyyən müddətdən sonra aydınlaşma olacaq ki, məsələ hansı istiqamətə doğru inkişaf edir".
Qiymət Mahir