Asiya Parlament Assambleyasının komitə iclası keçiriləcək
5 Dekabr 2024 17:32 SiyasətMilli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, iclas çərçivəsində ekoloji məsələlər, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA-ya üzv parlamentlərin rolu və digər məsələlərə həsr olunmuş qətnamə layihələri müzakirə olunacaq.
Deputatımız iclasda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da əldə olunan nailiyyətlər və qəbul olunan mühüm qərarlarla bağlı çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.
Səfər dekabrın 10-da başa çatacaq.