Suriyada vəziyyət inanılmaz dərəcədə faciəvi və gərgin bir durumdadır - ÖZƏL
5 Dekabr 2024 17:20 Siyasət"Yaxın Şərqdə, Suriyada hadisələr çox gərgin bir məcrada davam edir".
Bunu Olaylar.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Təəssüf ki, bu bölgədə qan-qada, müharibə səngimir və gedişat göstərir ki, hələ bundan sonra da bizim daha yeni-yeni köhnə gərginlik və müharibə, münaqişə ocaqlarında durumun sabitləşəcəyini söyləməyimiz mümkün deyil. Hətta biz gözləyiriksə ki, sabitləşmə olsun, əksinə, mən hesab edirəm ki, bu gərginliyin, yəni ocaqların daha daartma ehtimalı var, yeni-yeni gərginlik və münaqişə ocaqları yarana bilər. Çünki bu situasiyanın yaranmasında və bu situasiyanın bu həddə qədər gəlib çıxmasında iştirakçı və maraqlı olan tərəflər hadisələrin səngiməsinin deyil, daha da qızışmasının tərəfdarı kimi görünürlər. Bura Fransa, Amerika kimi dövlətlər daxildir və onlar burada situasiyanı sakitləşdirməkdən, bu gərginliyin həlli üçün real addımlar atmaqdansa, əksinə, daha da bu prosesləri, gərginliyi körükləyirlər.
Ona görə də gedişatı çox gərgin görürəm. Nəticə çox pis olacaq, onsuz da çox pisdir. Yəni faktiki olaraq Yaxın Şərqdə, demək olar ki, bütün ölkələr ya birbaşa müharibədə iştirakçıdırlar, ya dolayısı yolla bu münaqişəyə, bu müharibəyə cəlb olunublar. Yəni vəziyyət inanılmaz dərəcədə faciəvi və gərgin bir durumdadır. Düşünürəm ki, BMT, onun Təhlükəsizlik Şurası və özünü böyük adlandıran dövlətlər bu məsələlərə ciddi şəkildə müdaxilə edib onun həllinə çalışmalıdır".